• 21 Yanvar 2025 00:56

İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı

İranda günahsızcasına həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.

 

Tacxeber.com musavat.com-a- istinadən xəbər verir ki, Fərid Səfərli yanvar ayının 19-u həbsxanadan çıxarılıb. O, hazırda  Azərbaycandadır.

 

Qeyd edək ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova bu barədə məlumat verməkdən imtina edib.

 

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

 

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

 

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

 

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər