“Bu virus səbəbindən dünyasını dəyişmə halları artacaq” və “təşvişə ehtiyac yoxdur” – Bunları etməliyik!
Bu yaxınlarda Saatlı şəhər sakini 21 yaşlı tələbənin, eləcə də Ağcabədidə 10 yaşlı məktəblinin qızdırmadan dünyasını dəyişmələri narahatlıq doğurub.
Bundan əlavə, Bakı kəndlərində toylarda müğənnilik edən 60 yaşlı Rəsmiyyə Bakılının da yeni yayılan virusdan öldüyü bildirilir.
Mütəxəssislər isə bu xəstəliyi mövsümi virus adlandırırlar. Yerli səhiyyə qurumları əhalini qrip peyvəndi vurdurmağa çağırır.
Xəstələnən insanlar isə bu virusun “çox ağır keçdiyini”, “dərmanların belə, artıq təsir etmədiyini” yazırlar.
Bütün bunların fonunda dünyada insan metapnevmovirusunun sürətlə yayılması da, cəmiyyətdə narahatlığa səbəb olub.
Tacxeber.com xəbər verir ki, mövcud vəziyyətlə bağlı Ölkə.Az-a danışan tibb eksperti, professor Adil Qeybulla deyib ki, hazırda insanlar arasında yayılmış xəstəlik qrip virusudur. O, insanların müvafiq göstərişlərə əməl etməyə çağırıb:
“Virus xəstəliklərinin bu dərəcədə geniş yayılması zamanı təbii ki, ağırlaşmalar olacaq, ölüm halları da artacaq. Məsələ bundan ibrətdir ki, insanların immun sistemi müxtəlifdir, həmçinin onun xəstəlikləri ola bilər. Situasiyadan asılı olaraq virus hər bir orqanizmdə özünü müxtəlif cür göstərir. Təəssüf ki, itkilər də olur, amma söhbət ondan gedir ki, hazırda dünya bununla üz-üzədir. Biz az itkilərlə bu prosesdən çıxmaq üçün bəzi şeyləri özümüzdən tələb etməliyik.
Bu tələblər nələrdir? Xəstə ola-ola bayıra çıxıb infeksiyanı yaymamaq, xəstələnən zaman evdə izolyasiya olunub yatmaq, çoxlu maye qəbul etmək, sağalana qədər həkim təyinatına əməl etmək, kollektivdə kimisə xəstələndirməmək, özünü və ailə üzvlərini xəstəlikdən qorumaq, tez-tez əllərin yuyulmasına fikir vermək və s. Bütün bunlar hamısı şərtdir. Biz bunlara əməl etmədikcə virusdan necə qoruna bilərik?
Virus hava-damcı yolu ilə keçir və yanınızda bir adamın asqırması, öskürməsi kifayədir ki, xəstəlik sağlam adama keçsin”, – deyə o söyləyib.
İnfeksionist Vasif Əliyev açıqlamasında yayılan xəstəliyin metapnevmovirus ola biləcəyi barədə deyilənlərə aydınlıq gətirib:
“Son zamanlar əhali arasında ciddi viral infeksiya yayılmaqdadır. İnsanlar bu virusun metapnevmovirus ola biləcəyini düşünərək təşvişə düşürlər. Amma apardığımız müşahidələr onu göstərir ki, daha çox qrip virusu yayılıb. Hələ ki, istər Səhiyyə Nazirliyi, istərsə də, TƏBİB tərəfindən ölkədə metapnevmovirus olması təsdiq olunmayıb. Ümumiyyətlə, Çindəki məlumatlar da onu göstərir ki, metapnevmovirus çox ağır seyr etmir və bunun üçün qorxmağa və təşvişə düşməyə əsas yoxdur.
Dediyim kimi, hazırda ölkə ərazisində daha çox qrip virusu yayılıb. Bizə müraciət edən xəstələrdə aparılan testlərin nəticəsində qrip virus aşkar olunur”.
V.Əliyev ağırlaşmaya səbəb olan hallardan bəhs edib və insanları qrip virusuna qarşı səhlənkar yanaşmamağa çağırıb:
“Məlumdur ki, qrip virusu ağır keçə bilir. Xüsusilə yanlış aparılan müalicə fonunda gərəksiz dərmanların, antibiotiklərin erkən istifadəsi bu xəstəliklərin daha da ağırlaşmasına səbəb olur. Həkim nəzarəti olmadan da müalicənin aparılması da xəstəni ağırlaşmasına gətirib çıxara bilər. Bu baxımdan müalicəyə səhlənkar yanaşmaq xəstənin ağırlaşması ilə nəticələnə bilər. Qrip virusu hamilələrdə, uşaqlarda yaşlılarda və yanaşı xroniki, şəkər xəstəliyi olanlarda, transplant xəstələrdə ağır keçir. Onlar davamlı olaraq müqaviməti aşağı salmaq üçün dərman itifadə edirlər ki, bu cür xəstələlərdə də risk yüksəlir, xəstəliyi ağır keçir. Eyni zamanda artıq çəkiyə sahib olan insanlar da qripi ağır keçirir.
Risk qrupunda olanlar hər il oktyabrdan etibarən qripə qarşı peyvənd vurdurmalıdırlar. Amma yanvar-fevral aylarında da peyvənd vurula bilər. Bu peyvənd dövlət xəstəxanalarında tam ödənişsiz şəkildə həyata keçirilir”, – deyə o əlavə edib.