• 23 Noyabr 2024 03:56

Xəstələri xilas edən narkotik – O başqalarının əlində faciəyə çevrilir

“Narkotik tərkibli dərmanlar adi deyil, xüsusi reseptlə yazılır. Bu reseptlərdə də həkimin imzası, möhürü olur. Hətta bu reseptlərin rəngi də başqadır”.

Bu sözləri Yenisabah.az-a Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda narkotik tərkibli dərmanların istifadəsi həkim nəzarətindən kənar qadağandır, çünki ona adətetmə yarada bilər:

“Narkotik insan düşüncəsini düzgün olmayan istiqamətə yönəltməkdir. Yəni yalançı beyin insanı görünən hadisələrə düzgün qiymət verə bilmir”.

Həkim-farmakoloq vurğulayıb ki, insan beynini keyləşdirən vasitələr yalnız həkim nəzarəti ilə qəbul olunmalıdır:

“Narkotik maddələr həkimlərin əlində insanları həyata qaytarır, amma  başqalarının əlində faciəyə çevrilir. Bu, təkcə alver məsələsi deyil. Onlar həm də müharibə vasitələrindən biridir. Həkim nəzarətindən kənar olan narkotiklər qanunsuz dövriyyə sayılır. Onların içində ən məşhuru “Metodon”dur. Qanunla onların heç bir xüsusi sənədi yoxdursa, sərhəddən içəri buraxılmamalıdır.

Bundan başqa, “Dimedrol” da insan beynini keyləşdirən vasitədir. Ona görə də, bu dərmanların həkim icazəsi olmadan qəbulu qadağandır.

Məncə, dərmanlar, xüsusən ağrıkəsici, keyləşdirici dərmanlar reklam olunmamalıdır”.

A.Əliyev bildirib ki, müəyyən ağrıkəsici kimi insanlar bu narkotik vasitələrdən yalnız həkim nəzarətiylə istifadə edə bilər:

“Cürbəcür travmalar, qəzalar olur. İnsanlar şok keçirirlər. Onların dözülməz ağrıları olur. Adi infarktdan sonra belə, dözülməz ağrılar baş verir. Bundan başqa, xərçəngin bəzi növləri də var ki, insan onların ağrısına dözə bilmir. Bu zaman narkotik tərkibli maddələr yalnız xəstəni ağrının şokundan qurtarmaq üçün işlənməlidir. Bunu da həkim təyin edir.

Morfin də narkotik analgetikdir. Amma həkim nəzarətində olan morfin ağrını kəsir, xəstəni həyata qaytarır. Bu müalicə üsulu deyil, yalnız ağrını kəsir”.

İmamət İSMAYILOVA

Tacxeber.az

Oxşar xəbərlər