Bu xəstəxanalara sığorta ilə göndərişsiz müraciət etmək olacaq
Göndəriş tələb olunmadan icbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin (ATU) tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə stasionar tibbi xidmətlərdən (terapevtik və cərrahi tibbi xidmətlər) istifadə üçün birbaşa müraciət mümkünləşib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, bununla əlaqəli “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na dəyişiklik edilib.
Yəni, artıq göndəriş tələb olunmadan icbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin (ATU) tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə stasionar tibbi xidmətlərdən (terapevtik və cərrahi tibbi xidmətlər) istifadə üçün birbaşa müraciət etmək mümkündür.
Belə ki, pasiyent tibbi xidmətdən istifadə etmək üçün səhhətində yaranan problemlə bağlı dövlət və ya özəl tibb müəssisəsinə (birbaşa müraciət edildiyi təqdirdə vətəndaşın öz vəsaiti hesabına) müraciət edərək həkim müayinəsindən keçir. Müayinənin nəticəsindən asılı olaraq Xidmətlər Zərfi çərçivəsində göstərilən stasionar xidmətdən istifadəyə tibbi göstəriş olsa, pasiyent öz seçiminə əsasən ATU-nun tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, yaxud da Bakı Sağlamlıq Mərkəzinə xidmətdən yararlanmaq üçün göndərişsiz birbaşa müraciət edə bilər. Bu zaman sözügedən tibb müəssisələrində stasionar tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığorta hesabına qarşılanır.