“77 yaşında yalan danışmaq ağ saçlarına yaraşmır” – Tacir Şahmalıoğlu
“Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayev açıqlaması ilə diqqət çəkib. “AStar” layihəsinə danışan bəstəkar müğənni Tacir Şahmalıoğlunun “Bayatı-Şiraz” mahnısını özünün bəstəsi kimi təqdim etməsinə etirazını bildirib. O ifaçının bu hərəkətini qınayıb. Onun sözlərinə görə, Tacir qatıldığı bütün tədbirlərdə bu ifanı özünün bəstələdiyini bildirir.
“Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın” – deyə Murad Rzayev qeyd edib. Murad Rzayev Tacirin 6-7 yaşlarında sadəcə bu mahnını ifa etdiyini, lakin improvizasiya etmədiyini vurğulayıb.
Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı medianews.az-a açıqlama verən tanınmış müğənni Tacir Şahmalıoğlu Murad Rzayevin verilişdə danışdıqlarının yalan olduğunu bildirib: “Dövlətimiz də çox gözəl görür ki, mən “Bayatı-Şiraz” ifamda can qoymuşam. O ki, qaldı Murad Rzayevin haqqımda söylədiklərinə, o, yaşlaşıb. Nə qədər istədim ki, bir söz deməyim amma bu çıxışından sonra danışmağa qərar verdim. Çünki o məni həmin verilişdə təhqir edib, ünvanıma lazımsız sözlər deyib. Mən “Bayatı-Şiraz”-ın müəlliflik hüququnun sertifikatını almışam. Kənardan 100 söz-söhbət də olsa mənə təsir etməz. Murad Rzayev həmin verilişdə 95 faiz hər şeyi yalan danışır. O deyir ki, Tacir mənim yanıma o vaxt özü gəlib. Sənin başına, ağ saçlarına yaraşmır axı bu! 77 yaşında insan yalan danışar? Mən sənin yanına gələndə heç 6 yaşım tamam olmamışdı. 6 yaşı tamam olmayan bir uşaq dərnəyə necə gələ bilər? Bu dərəcədə absurd, haqsız və yalan danışmaq onun 77 yaşına yaraşmır. Elə deyir ki, 6 yaşında uşaq nə bilir ki, Betxoven kimdir? İmprovizə nədir? Mən həmin ifanı 11-12 yaşımda oxumuşam, 6 yaşımda yox”.
T.Şahmalıoğlu deyib ki, “Bayatı-Şiraz” 1976-cı ilin sonlarında yaranıb: “Ona qədər biz dünyanı gəzmişdik. Dirijor Niyazi, Tofiq Quliyev, Zeynəb Xanlarova, Həbib İsmayılov kimi sənətkarlarla bir səhnə bölüşürdük, onlardan tövsiyələr alırdıq. Mən 7 illik piano məktəbini oxumuşam. 11 yaşımda Çaykovskinin, Betxovenin, Fikrət Əmirovun əsərlərini ifa edirdim. 2 aydan bir Heydər Əliyev Sarayında konsertlər verirdik. Yüzlərlə ansambıllar görürdük, ariyalar eşidirdik. Həmin verilişdə bu şəxs çox yalanlar danışır. O danışır, amma fikirləşmir ki, dediklərində məntiq yoxdur. Bu insanın özü yalançıdır! Onun həyatı yalan-dolanla keçib. Körpə vaxtlarımdan onun yanında olmuşam. Cavanlığını da, orta yaşlarını da görmüşəm, qocalığını da siz görürsünüz! Bu qədər də yalan olmaz. Onu da efirə çıxarırlar, ağzına gələni danışır. O vaxt efir mədəniyyəti, etikası vardı. Hər kəs çıxıb efirə ağlı-başına danışa bilməzdi. İndi bizim efirlərimiz də biabırçı gündədir. Efirin qaydalarına riayyət etmək lazımdır”.