Rusiyada miqrantların “qara günləri” başlayır – sabahdan soydaşlarımız…
Fevralın 5-dən, yəni sabahdan Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı iki yeni qanunun icrası başlanır. Birinci dəyişiklik qanunsuz miqrantların deportasiyasını nəzərdə tutan qanunun qüvvəyə minməsi ilə bağlıdır. İkinci yenilik isə ölkəyə giriş-çıxış qaydalarının pozulması və nəzarət siyahısına düşən miqrantlara göstərilməsi qadağan olunan xidmətlər üçün inzibati məsuliyyətin tətbiq olunmasıdır.
Bundan əlavə, fevralın 5-dən daha üç yeni qanunun qüvvəyə minəcəyi bildirilib. Bu qanunlar çətin şəraitdə yaşayan uşaqlara dəstək, kreativ sənayenin inkişafı və müsadirə olunmuş əmlakın regionların mülkiyyətinə verilməsi ilə bağlıdır. Miqrant ailələrinin uşaqlarını da çətinliklər gözləyir.
Qeyd edək ki, Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy rəsmi rəqəmlər barədə danışarkən məlumat verib ki, Rusiyada qeyri-qanuni 670 min miqrant var. “Onların yarıdan çoxu qadınlar və uşaqlardır. Bu insanların hüquqi statuslarını müəyyən etmək üçün 30 aprelə qədər vaxtı var. Bu tarixdən sonra sistemlərimiz qanunu pozanları avtomatik olaraq nəzarət edilənlərin reyestrinə daxil edəcək. Bu o deməkdir ki, rəsmi qeydiyyatdan keçməyən və heç bir qanun pozuntusu törətməyən miqrantlara sənədlərinin rəsmiləşdirilməsi üçün möhlət verilir. May ayından etibarən isə onlar deportasiya olunacaqlar”, – deyə DİN rəsmisi məsələyə aydınlıq gətirib.
REAL Partiyasının sədri Natiq Cəfərlinin fikrincə, Azərbaycan dövləti ölkə vətəndaşlarının dünyanın istənilən yerindən vətənə gətirilməsi üçün əməli addımlar atmalıdır. “Yeni Müsavat”a şərhində partiya sədri qeyd etdi ki, lazım gələrsə, quru sərhədlərin həmin şəxslərin üzünə açılması və onların ölkəyə daxil olmasına şərait yaradılmalıdır: “Bu vətəndaşlarımız Azərbaycan üçün təhlükə mənbəyi deyil. Əksinə, onlar Azərbaycan üçün hətta iqtisadi fürsət mənbəyidir. Çünki onların ölkəyə qayıtması, özləri ilə bir yatırım gətirməsi, kiçik-orta bizneslə məşğul olub, Qarabağa, işğaldan azad olunan rayonlara köçün tərkib hissəsi olması Azərbaycan üçün kifayət qədər üstünlüklər yarada bilər. Biz nədənsə bu məsələdən çəkinirik. Mənə elə gəlir ki, ilk öncə məsələyə yanaşmamızı dəyişməliyik. Rusiyadakı miqrantları təhlükə kimi yox, bir fürsət kimi görmək lazımdır”.