• 04 Fevral 2025 21:44

İmişli İcra Hakimiyyəti YAP-çı deputatın iradlarına cavab verdi: “Orda olmuşuq” – VİDEOLAR

İmişli İcra Hakimiyyəti YAP-çı deputatın iradlarına cavab verdi: “Orda olmuşuq” - VİDEOLAR

“Hadisələr baş verən saatda icra başçısı Elçin Rzayev, rayonun prokuroru, polis rəisi, bir sözlə, hamı axıra kimi orada olub”.

 

Bunu “Yeni Sabah”a İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib.

 

O, Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Siyavuş Novruzovun İmişlidə baş verən hadisələrlə bağlı çıxışına icra hakimiyyətindən münasibətini açıqlayıb.

 

Mirzə Quliyev bildirib: “Hadisələr baş verən saatda icra başçısı Elçin Rzayev, rayonun prokuroru, polis rəisi, bir sözlə, hamı axıra kimi orada olub. Elçin Rzayevin özü xəstəxanada yaralıların yanında olub. Hətta bununla bağlı video və fotolar da var”.

 

Xatırladaq ki, yanvarın 18-də İmişlidə baş vermiş hadisəyə dair çıxışında Siyavuş Novruzov İmişlidən olan hər iki deputata eyhamla bildirib:

 

“Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən 3 kilometr aralıdadır, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu – xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər?.. Çıx camaatın qarşısına, camaatı başa sal. Niyə camaatdan kənar qaçırsız? Nəyə görə?

 

Dövlət əmlakına ziyan vurduğuna, əsəblərini idarə edə bilmədiklərinə görə 18 nəfər həbs edildi. Mən xahiş edirəm ki, onları bağışlasın, cavan uşaqlardır. Amma belə hərəkətlərdə rayon hüquq-mühafizə orqanları insanların qabağında olmalıdır. Əgər onun üzü yoxdursa camaatın qabağına çıxmağa, onda gedib ərizəsini yazıb çıxsın evinə getsin”.

 

Xatırladaq ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

 

Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.

 

İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

 

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hadisə baş verəndən sonra qəzaya düşən YPX avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

 

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub, istintaqın obyektiv aparılması üçün qanuna müvafiq tədbirlər görülür.

Tacxeber.com

Oxşar xəbərlər