Azərbaycanda “qumar kralı“ saxlanıldı
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının təşkilinə qarşı əməliyyat keçirib.
Tacxeber.com bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyatla ölkədə “qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) də saxlanılıb.
Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.
Bu maddələrin sanksiyasında 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ağır cinayətlərdə təqsirləndirilən Baqiyevin cinayət işinin detalları barədə əlavə məlumat verilməyib. Hazırda iş üzrə ilkin istintaq aparılır.