• 05 Fevral 2025 21:01

Efirdə “siz hamiləsiniz” ŞOUSU

Mənim düşüncəmə görə iki peşə var ki, onlar heç bir halda biznesə çevirilməməlidir. Bu sahələr biznesə çevirilən zaman cəmiyyət korlaşır. Üzüaşağı gedir, gedir, bir də o zaman ayılır ki, dibdədir. Bunlar təhsil və səhiyyədir. Biri cəmiyyətin gələcəyini aydınladır, inkişaf etdirir və nəticədə də varlı bir dövlət, toplum yaranır. Bu zaman varlılıq bütün cəmiyyətə məxsus olur, day 5-10 faizə yox. 

 

Digəri isə elə həmin toplumun fiziki sağlamlığı ilə bağlıdır. Nə yazıq ki, bu gün Azərbaycanda hər iki sahə böyük həcimdə biznesə çevirilib. Özü də onu biznesə çevirən cəmiyyət deyil, elə qeyd etdiyim 5-10 faiz varlılar, vəzifəli məmurlar, deputatlardır.

 

Gündəm həkimlərdir…

Bizim sağlamlığımızın üzərində biznes quranlar.

 

Təsəvvür edin, həyatımız üzərində biznes qurulub, özəl klinikalar, dərman şirkətləri, həkimlər böyük bir savaşın içindədirlər ki, kimsə xəstələnən kimi məhz mənim yanıma gəlsin. Və bunun üçün ən uyğun meydança reklamdır.

 

Telekanalların birində populyar olan veriliş var. Verilişin daimi ginekoloq qonağı da olur. Hər 5 dəqiqədən bir həmin ginekoloqa söz verilir. O da telefonu alır əlinə kiməsə zəng edir:

–    Duuuud….

–    Alo

–    Filankəs xanımdır?

–    Bəli.

–    Təbrik edirəm, siz hamiləsiniz…

–    …

Telefonun o başında süni sevinc çılğınlıqları…

–    Neçə ildir bu xəbəri gözləyirdiniz?

–    7 il

Az sonra yenə eyni səhnə olduğu kimi təkrarlanır:

–    Duuuud…

–    Filan xanımdır?

–    Bəli.

–    Təbrik edirəm, siz hamiləsiniz….

Veriliş boyunca ən azı 10-15 qadına zəng vurulur, guya efir vasitəsi ilə ona hamilə olduğunu xəbər verirlər. Sizcə, inandırıcıdırmı? Şəxsən mən inanmıram. Necə ola bilər ki, bir qadın ginekoloqun yanına gedir, hamilə olub-olmaması üçün yoxlanışdan keçir (Hansı ki o nəticəsi dərhal bilinən bir prosedurdur) amma nəticəni öyrənmədən evinə qayıdır? Sizin reklamınızı  sevsinlər deyəcəkdim, demirəm.

 

Hələ həmin xanımların çoxunun süni mayalanma ilə övlad sahibi olmaları ayrı bir dərddir, problemdir, faciədir. Gələcəyin mutantlaşdırılmasıdır.

 

Sağlamlıq üzərində reklam olmaz. Haqlı olaraq son günlər millət vəkilləri bunun həyəcan təbilini çalırlar. Elə bu ədalətsiz yarışın nəticəsi deyilmi ki, ortaya onlarla saxta həkimlər çıxır? Elə bunun nəticəsi deyilmi ki, Səhiyyə Nazirliyi, dövlət qurumu biznes obyektinə çevirilib? Bədənimiz üzərindəki alver bizi heç də yaxşı bir yerə aparmır.

 

Bir də axı hamiləlik bir az da intim məsələdir. Minlərlə insanın canlı olaraq izlədiyi efirdən kiməsə zəng edib ona hamilə olmasını xəbər vermək nə qədər əxlaqa uyğundur? Hər şeyin bir həddi olmalıdır, ya yox? Belə çıxmırmı ki, mənəviyyatı, heysiyyəti itirmişik. Axı elə şeylər var ki, onu itirəndən sonra qazanmaq mümkünsüz olur. Sağlamlıq kimi, əxlaq kimi…

Elnur Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər