Havaya nəsə səpiblər, ya da hansısa sindromdan əziyyət çəkirik…
– Böyüyündən ver də.
– Böyüyündən yoxdur.
– Orada var, görürəm.
– O çox böyükdür. 2 litrdir.
– Ver də, burada nə var e. Ver… – Köşkün qarşısında müştəri narazı tonla yarım litrlik kolaya etiraz edir, götürüb gedə bilmir. Satıcını yorur.
Özündən razı, gödəkçəsiz bir nəfər – soyuqdan donduğu hiss olunurdu, büzüşürdü, başını bədəninə sıxmışdı – “ruski yazıçnı” mədəni intonasiyası ilə qeyri-mədəni davranır. Saçı-saqqalı ağarmış, saqqalı xətli xarizmatik müştəri. Bir az dolu idi. Adətən, belə insanların söhbətinin mədəni tonla getdiyini görmüşəm.
Bir kola, bir də siqaret alır. Amma lazımsız sözlərlə prosesi uzadır. Nəsə şikayət edir, bir sözlə, alıb gedə bilmir. Nəsə mızıldanır. Digər müştəriləri gözlədir. Birdən yadına düşür ki, çox uzadıbmış, yersiz söhbətləri ilə özünü də, bizi də gözlədir. Çevrildi qəfil yanımdakı qaş-qabaqlı cavan oğlanı qucaqladı. Elə bildim tanışdırlar, sağollaşırlar. Birdən üzr istədi, çevrilib məni də qucaqlayıb üzr istədi, çıxdı getdi.
Dedim ki, hə, heç olmaya, gərgin mühit dağıldı, amma yenə də anlaqsızlıq hökm sürürdü. Birdən o qucaqladığı cavan oğlan əsəbini ifadə edərək satıcıya dedi: Nəsə xətrinə dəydisə, tutub aparım onu.
Bu kim idi, hara aparacaqdı, nə üçün belə dedi? Gic gülmək tutdu məni. O da mənə baxaraq dilinin altında mızıldanıb o oğlan haqqında nəsə dedi. Heç nə başa düşmədim.
Mən də istədim deyim ki, yaxşı olar, siz aparın, mən də çəkim. Vəziyyət tamamlansın deyə. Mənə sıra çatanda məlum oldu ki, boş-boşuna gözləyirmişəm. Sadəcə bu qəribəliyin tamaşaçısı idim.
Mənzərəyə baxın. Çox sadə prosesdir. Bir siqaret, bir kola alıb gedə bilmir. Üstəlik, hamının qanını qaraldır. Görkəm, intonasiya mədəni. Di gəl ki qurulan münasibət fırıqdır. Elə başa düşək ki, sakit səslə kimisə təhqir edir. Hamının kefinə soğan doğradı. Arxasınca üzr istədi.
Mətni pozitiv notlarla bitirək, vaxtınızı almışam. Sadəcə çox təsirləndim və birinci müştərini anlamaq istəyirdim ki, nə edir, ikinci müştəri də çıxıb dedi ki, istəyirsən, bunu tutub aparım. Həm güldüm, həm çaşıb qaldım ki, ay qardaş, bu nədir də. Hələ də təsirindəyəm.