Həbsdəki keçmiş diplomat: ‘Bu işin mənə aidiyyəti olmadığını bilə-bilə, mənə 8 il verəcəksən…’
Azərbaycanın ABŞ-dəki səfirliyində katib, Uruqvaydakı diplomatik missiyasında müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimov fevralın 5-də hakim önünə çıxarılıb. Beləcə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomatın məhkəməsi başlanıb.
E.İbrahimov 7 aydır həbsdədir. O, Kamal Şükürov adlı şəxsi bıçaqlamaqda suçlanır.
Məhkəmənin ilkin hazırlıq iclasında E.İbrahimovun vəkilləri bir sıra vəsatət qaldırıblar. Müdafiəçilər bu cinayət işini tam əsassız saydıqlarını, müvəkkillərinin heç kimi bıçaqlamadığını deyiblər. E.İbrahimovun zərərçəkmiş qismində tanınan K.Şükürovu heç tanımadığına, onunla hər hansı münasibəti olmadığına diqqət çəkiblər. Vəkillərin fikrincə, keçmiş diplomatı həbs etməkdən ötrü belə bir ssenari qurulub. Onlar bu üzdən, cinayət işinə xitam verilməsini, ya da, heç olmasa, hökm çıxarılanadək E.İbrahimovun ev dustaqlığına buraxılmasını istəyiblər.
Daha iki vəsatət də məhkəmə prosesinin gedişində videoçəkilişə və E.İbrahimovun şüşə kabinədə yox, vəkillərinin yanında əyləşməsinə icazə verilməsi barədə olub.
E.İbrahimov bu vəsatətlərlə bağlı fikrini bildirəndə deyib ki, onsuz da hakim kimi çıxış edən şəxslərin faktiki qərar vermək yetkisi yoxdur. Onlara nə deyirlərsə, onu da icra edirlər.
“Cavan oğlansan, gərək bu işi götürməyəydin, amma sən məhkumsan və məcbursan, sənə deyiləni eləyəcəksən. Mənə 8 il verəcəksən. Bilə-bilə ki bu cinayət işinin bir cümləsinin də mənə aidiyyəti yoxdur”, – E.İbrahimov onun işi üzrə məhkəmə prosesinə sədrlik edən hakim Vüqar Quliyevə belə deyib.
Keçmiş diplomat vurğulayıb ki, heç vaxt əli dəyməyən bıçaqdan ekspertiza onun əl-barmaq izlərini tapıb.
Tənqidlərinə görə şərlənərək həbs olunduğunu deyən E.İbrahimov siyasi məhbus olduğunu əlavə edib.
Məhkəmə qaldırılmış vəsatətlərdən yalnız E.İbrahimovun vəkillərinin yanında əyləşməsiylə bağlı məsələyə razılıq verib.
Məhkəmə prosesi fevralın 12-nə təyin edilib.
Xatırlatma
E.İbrahimov ötən il iyulun 22-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham verilib. O, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında K.Şükürov adlı şəxsi bıçaqlamaqda suçlanır. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.
E.İbrahimov bunun yalan olduğunu, evinə gedərkən bir nəfərin qəfildən üstünə atılıb, paltarlarını cırmağa başladığını deyir. Kənardan da həmin dəqiqə polislər hücum edərək onu saxlayıblar. Keçmiş diplomat polis bölməsində işgəncələrə məruz qaldığını da vurğulayıb.
E.İbrahimov 2020-ci ildə xarici işlər nazirinə ərizə yazıb ölkədə insanların hüquq və azadlıqlarının boğulduğunu, seçkilərin saxtalaşdırıldığını vurğulayaraq, belə bir durumda işləmək istəmədiyini bildirib və diplomatik xidmətdən azad olunmasını istəyib.
O, 2023-cü il sentyabrın 20-də həbs edilibmiş. Keçmiş diplomata İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirmə) maddəsiylə 30 sutka həbs cəzası verilibmiş. O zaman da E.İbrahimov yayılması yasaq heç bir bilgini yaymadığını söyləmiş və onun sözlərinə görə, etik çərçivəni, qanunları pozmadan öz fikirlərini sosial media hesabında paylaşdığına görə cəzalandırılmışdı.