• 07 Fevral 2025 21:03

Pişikdən keçən xəstəlik: İnsanı kor edir

Türkiyədə pişiyin əlinə cırmaq atmasından 1 ay sonra gənc oğlanın sağ gözündə korluq meydana gəlib.

 

Tacxeber.com xəbər verir ki, müayinədən sonra həkimlər gəncin bartonella xəstəliyinə yoluxduğunu müəyyən ediblər. Bu xəstəlik pişiyin dişləməsi və cırmaq atması ilə yaranır.

 

Əslində, onun adı “Bartonella henselae”dir və bu bakteriyadır. Əlamətlərinə limfa düyünlərinin şişməsi və ağrısı, qızdırma, halsızlıq, baş ağrısı, dəridə qızartı və ya irinli yaralar (cızıq yerində), eyni zamanda əzələ və oynaq ağrıları kimi simptomlar aiddir.

 

Bu bakteriya xüsusi risk qrupuna aid olan şəxslər üçün təhlükəlidir. Zəif immun sisteminə malik insanlarda (HİV xəstələri, xərçəng müalicəsi alanlar və s.) beyin və sinir sisteminə təsir edərək ensefalit yarada, göz iltihabları və qaraciyər problemlərinə səbəb ola bilər. Bununla yanaşı, xəstəliyə tutulanlarda endokardit (ürək qapaqlarının iltihabı) inkişaf edə bilər.

 

Xəstəliyin müalicə üsuluna gəldikdə isə, həkimlər güngül hallarda öz-özünə sağala biləcəyini qeyd edirlər. Ağır hallarda isə antibiotiklər (azitromisin, doksisiklin və s.) istifadə edilir.

 

Sözügedən bakteriyadan qorunmaq üçün pişiklərlə oynadıqdan sonra əlləri yumaq, pişik cızığını və ya dişləməsini təmizləmək, dezinfeksiya etmək, ev heyvanlarında birə nəzarətini təmin etmək lazımdır. Xüsusilə, immuniteti zəif olan şəxslərin pişik cızığından qaçınması tövsiyə edilir.

Tacxeber.com

Oxşar xəbərlər