• 07 Fevral 2025 20:51

“Paşa Travel” deputatın yubiley gecəsini 196 min manata təşkil edib

Yubiley gecəsi üçün tenderi Mədəniyyət Nazirliyi elan edib.

 

Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə, Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC şirkəti “Paşa Travel” MMC (VÖEN: 1700247421) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, “bir mənbədən” satınalma metodu əsasında imzalayıb.

 

 

Müqaviləyə əsasən, “2025-ci il fevral ayının 4-də Heydər Əliyev Sarayında bəstəkar, müğənni və ictimai xadim Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsinin təşkili xidmətlərin satın alınması xidməti” 195 min 996 manat 30 qəpik qarşılığında “Paşa Travel” şirkətinə verilib.

Sabiq mədəniyyət naziri Polad Bülbüloğlu hazırda Milli Məclisin deputatıdır. O, keçən il keçirilən Parlament Seçkiləri nəticəsində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən seçicilərini parlamentdə təmsil edir.

 

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, 17 yanvar 2003-cü il tarixində dövlət qeydiyyatına alınan “Paşa Travel” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər pr., ev 151-də yerləşir. Hazırda qanuni təmsilçisi Əsgərov Bəhruz Fikrət oğlu olan MMC-nin nizamnamə kapitalı 250 min 50 manat təşkil edir.

Mədəniyyət Nazirliyinin satınalma müqaviləsi imzaladığı “Paşa Travel” MMC ölkənin ən böyük şirkəti olan “Paşa Holding”ə bağlıdır. Şirkət səyahət, turizm və destinasiya menecmenti xidmətləri ilə məşğuldur.

 

“PAŞA Holding” şirkətini əvvəllər Arif Paşayev idarə etsə də, hazırda holdinq İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalara məxsusdur. Birinci vitse-prezident Mehriban Əliyevanın atası Arif Paşayev 2013-cü ildə şirkətin idarəsini öz nəvələrinə – Arzu və Leyla Əliyevalara ötürüb.

“Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. Ehtimal olunan qiymət 100 min manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Bizim araşdırmada bəhsi keçən qalib şirkətlə isə birdəfəyə 196 min manat məbləğində müqavilələr imzalanıb. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər