• 08 Fevral 2025 18:53

İctimai fəal Cəlal Cavadov polis idarəsində işgəncəyə məruz qaldığını bildirib.

Cəlal Cavadov: “Məni döyə-döyə deyirdilər ki, şəklini seçki qutusuna atdığın qızlar gəlib səni xilas eləsinlər”

 

Meydan TV-nin həbsdə olan əməkdaşlarının posterini bələdiyyə seçkilərində səsvermə qutusuna atandan bir gün sonra həbs olunan ictimai fəal Cəlal Cavadov Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qaldığını bildirib.

Fevralın 7-də Bakı Apelyasiya Məhkəməsində Cəlal Cavadovun 30 sutka inzibati həbs qərarından verilən şikayətə baxılıb. Hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə prosesi axşam saat 21:00 radələrində baş tutub.

 

Məhkəmə prosesində çıxış edən ictimai fəal bildirib ki, onu narkotik ittihamı ilə həbs eləsələr də, əsl səbəb Meydan TV-nin həbsdə olan əməkdaşları ilə bağlı addımıdır:

“Məni döyə-döyə deyirdilər ki, şəklini seçki qutusuna atdığın qızlar gəlib səni xilas eləsinlər”.

Cəlal Cavadov yanvarın 30-dan həbsdədir. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, o, Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, 22-ci polis bölməsinə gətirilib. Ona Nəsimi Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, saxlama) maddəsilə 30 sutka inzibati həbs cəzası verilib.

 

Cəlal Cavadov bildirib ki, onu metronun “28 May” stansiyası yaxınlığında saxlayıblar, 22-ci polis bölməsinə də aparılmayıb. O, iki gün Nəsimi Rayon Polis İdarəsində saxlanılıb, orada işgəncəyə məruz qalıb:

“Orada qabağıma tərkibində narkotik olan su qoydular. Dedim ki, içməyəcəm. Döyməyə başladılar. O qədər döydülər ki, vəziyyətim pisləşdi”.

 

Onun sözlərinə görə, polis idarəsinə təcili yardım çağırmağa məcbur olublar. Cəlal Cavadovu Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıblar.

Məhkəmədə o da aydınlaşıb ki, birinci instansiyanın qərarında Cəlal Cavadovun etirafedici izahatı yer alıb. Lakin ictimai fəal belə bir izahat vermədiyini, ümumiyyətlə, Nəsimi Rayon Məhkəməsində 3 dəqiqəlik proses keçirildiyini bildirib. Onun sözlərinə görə, imzası da saxtalaşdırılıb. Cəlal Cavadov əlavə edib ki, sənədlərdəki imzalar ona məxsus deyil.

 

Cəlal Cavadov və vəkili Zibeydə Sadıqovanın etirazlarına baxmayaraq, apelyasiya məhkəməsi qərarı dəyişməyib. İctimai fəalın haqqında 30 sutkalıq həbs qərarı qüvvədə saxlanılıb.

Cəlal Cavadov yanvarın 30-da saat 16:00 radələrindən yoxa çıxıb. Yaxınları bir sutkaya yaxın ondan xəbər ala bilməyib. Vəkili Cəlal Cavadovun yerini müəyyənləşdirmək üçün Ombudsman Aparatına müraciət edib. Həmçinin Daxili İşlər Nazirliyinin “102” xidmətinə də məlumat verilib.

Lakin bu müraciətlər də nəticəsiz qalıb. Bir sutka sonra onun haqqında 30 sutka inzibati həbs qərarı çıxarıldığı məlum olub. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər