İcra başçısının ona sui-qəsd hazırlayana qarşı şikayəti yoxdur – Proses
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Tacxeber.com report-a istinadla xəbər verir ki, prosesdə məhkəməyə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdan ərizə daxil olub.
Taleh Qaraşov ərizəsində Bəhruz Əskərova qarşı hər hansı şikayət və tələbinin olmadığını yazıb.
Təqsirləndirilən şəxsin müdafiəçisi deyib ki, ərizədə tərəflər arasında barışıq əldə olunub-olunmaması ilə bağlı məlumat yoxdur.
Vəkil Taleh Qaraşovun məhkəmədə dindirilməsi üçün vaxt istəyib. Ona görə də proses mart 4-nə kimi təxirə salınıb.
DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu digər şəxslərlə əlaqəyə girərək Azərbaycan ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsində şübhəli bilinərək saxlanılıb.
İttihama görə, Bəhruz Əskərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.