• 13 Fevral 2025 23:08

“Turan” Agentliyi də fəaliyyətini dayandırıb

“Turan” İnformasiya Agentiyinin fəaliyyətini dayandırdığı bildirilir.

 

Bu barədə məlumatı Agentliyin kollektivi adından media qurumunun direktoru Mehman Əliyev yayıb.

 

Turan.az saytında yayımlanan məlumatda bildirilib ki, buna səbəb maliyyə çətinlikləri göstərilib.

“Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi.

 

Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik”, – deyə müraciətdə vurğulanıb.

2025-ci il fevralın 5-də “Turan” İnformasiya Agentliyi  “Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir” başlıqlı məqalə dərc edib.

Məqalədə iddia olunub ki, Azərbaycanın rəsmi prezident təyyarəsi Bakı-1, 2024-cü il dekabrın 25-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinə uçuş zamanı xarici texniki maneələrlə qarşılaşıb.

Fevralın 7-də “Turan” yazı ilə əlaqədar təkzib verib.

“Turan” İnformasiya Agentliyi 1990-cı ildən fəaliyyət göstərirdi.

 

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Qeyd edək ki, son zamanlar bəzi hökumətə yaxın media qurumlarında “Toplum TV”, “Meydan TV,” “Abbas Media”, “Azadlıq Radiosu,” “Amerikanın Səsi”nin Bakı bürosu, o cümlədən “Turan“agentliyi tənqid olunurdu.

 

Tacxeber.com

Oxşar xəbərlər