“Əqrəb mövsümü”nün ssenaristindən vəkillərə CAVAB – VİDEO

Xəbər verdiyimiz kimi, “Əqrəb mövsümü: İki dünya bir olsa da” serialının 1-ci və 2-ci bölümlərində vəkillərlə bağlı xoşagəlməz ifadələrə yer verilib.
Tacxeber.com xəbər verir ki, sözügedən səhnələrdə işlədilən ifadələrə görə vəkillər sosial şəbəkələrdə paylaşım edərək, ssenari müəllifi Azər Aydəmir və rejissor Emil Quliyevin üzr istəməsini tələb ediblər.
Serialın ssenaristi və aktyoru Azər Aydəmir səsləndirilən fikirlərə münasibət bildirib. O deyib ki, bunun vəkillərə qarşı sifariş xarakterli əməl olması barədə deyilənlər həqiqəti əks etdirmir:
“Hörmətli vəkillərimizin bədii materiala həssaslıqla, emosional şəkildə yanaşması və həmin materialı həqarət kimi qəbul etməsi çox üzücüdür. Bu, Beynəlxalq Coğrafiya Cəmiyyətinin “düzplanetçilərə” qarşı fikir bildirməsinə və ya onlarla polemikaya girməsinə bənzəyir. Vəkillik ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir.
Hörmətli vəkillərimizin “Əqrəb mövsümü 2 dünya 1 olsa da” serialında hansısa sifariş xarakterli bir əməl, yaxud fikir axtarması, vəkillərin nəyəsə və kiməsə “alət edilməsi” düşüncələrini irəli sürməsi hörmətli vəkillərimizin “konspirologiya”ya inanmasına dəlalət edir. Bu da çox xoşagəlməz işdir. Əgər biz hüquq və qanunlardan danışırıqsa, burada konspirologiyaya yer vermək, ən yumşaq halda, qeyri-peşəkarlığın göstəricisidir. Müstəqillik tariximizdə “o*raş vəkil”, “qansız həkim”, “rüşvətxor hakim”, “avara polis” olduğu kimi, “şərəfsiz rejissor” və “namussuz ssenaristlər” də var. Sadəcə qanunun aliliyi, karmanın ədaləti onları araşdırıb ortaya çıxarır və ədalət öz hökmünü oxuyur.
Sadaladığım vəzifə sahiblərinin yaxşıları və peşəkarları da varmı? Təbii ki, var. Və şükürlər olsun ki, onlar çoxluq təşkil edir! Son dövrlərdə aparılan kadr islahatları bunun bariz nümunəsidir. Böyüyən, inkişaf edən və sürətli urbanizasiyaya məruz qalan cəmiyyətimiz bu cür xoşagəlməz hallarla hələ tez-tez qarşılaşacaq.
Bu bir təkamül prosesidir. Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanır. Bu, narahatlıq doğuran bir faktdır.
Elə çıxır ki, siz buna inanmırsınız?! Bu da məyusluq doğurur. Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq mənim gələcəyə olan ümidlərimi sarsıdırsınız. Çünki nə də olmasa siz məndən çox bilirsiniz axı. Mənim canlandırdığım qəhrəman – Rauf Eyvazov müstəntiqdir. Mövcud vəziyyətdə istintaq aparır. Sizcə, o, istintaqı düzmü aparır? Məsələlərə obyektiv yanaşırmı? Yüksək peşəkarlıq nümayiş etdirirmi? Polis personajı düz qərarlar qəbul edirmi? Təbii ki, yox.Siz axı hüquqşünassınız.