• 24 Fevral 2025 07:00

Koçaryan: “Mən Heydər Əliyevin təklifinə nə “hə, nə də “yox” dedim”

Ermənistanın sabiq Prezidenti bildirib ki, H.Əliyev bu təklifi Vaşinqtonda edib.

 

Ermənistanın sabiq Prezidenti Robert Koçaryan 1990-cı illərin sonunda Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevlə ərazilərin mübadiləsi məsələsini müzakirə etdiyini təsdiqləyib.

 

ABŞ Dövlət Departamenti son vaxtlar məxfiliyi aradan qaldırılmış sənədləri dərc edib. Bu sənədlərə görə, 1990-cı illərin sonlarında Koçaryan və Əliyev vasitəçilər olmadan, təkbətək görüşdə Qarabağ məsələsini ərazilərin mübadiləsi yolu ilə həllini müzakirə ediblər – Meğrinin Qarabağa dəyişdirilməsi planı müzakirə olunub.

 

Bu gün keçirdiyi mətbuat konfransında AzadlıqRadiosunun erməni xidmətinin sualını cavablandıran Koçaryan bildirib ki, H.Əliyev ərazilərin dəyişdirilməsi təklifini Vaşinqtonda edib. O deyib ki, 1999-cu ilə qədər Minsk Qrupunun həmsədrləri ərazi bütövlüyü prinsipindən kənara çıxa bilmirdilər və onların bütün təklifləri “öz müqəddəratını təyinetmə hüququnu ərazi bütövlüyü ilə birləşdirmək cəhdi” məntiqinə əsaslanırdı.

 

“Bu təklifdə mən ilk növbədə həmsədrlərin bizə sırımağa çalışdığı stereotipi sındırmaq imkanı gördüm. Düşünürdüm ki, əgər Əliyev bu məsələni həmsədrlər qarşısında qaldırarsa, deməli, biz mövcud sərt çərçivədən çıxa bilərik. Və bəli, biz onunla danışıqlar aparırdıq. O, bu variantı təklif etdi, lakin biz bildirdik ki, İranla sərhədimizi itirə bilmərik. Bu proses bizim üçün əlverişli idi, lakin mən əvvəldən şübhə etmirdim ki, müzakirələri bizim üçün məqbul olan bir həllə gətirmək imkanımız olacaq. Niyə buna əmin idim? Çünki Əliyev istənilən halda altı rayonu əldə edirdi və onun motivasiyası var idi, çünki o, əvəzində nəsə alırdı”, –Koçaryan bildirib.

 

O qeyd edib ki, Əliyevin həmsədrlərə öz mövqeyini təqdim etməsi, bu məsələni qaldıran şəxs olması onun üçün vacib idi.

 

“Onun bunu müzakirə etdiyinə belə inanmırdım, sabah imtina edib geri çəkiləcəyini düşünürdüm. Mən nə “hə, nə də “yox” dedim. Heç bir öhdəlik götürmədən mövzunun müzakirəsinin davam etdirilməsi üçün çox ehtiyatlı idim”, – Koçaryan sözlərinə əlavə edib.

 

Köçaryanın fikrincə, Sünik ətrafında hazırkı nisbi sakitlik İranın qəti mövqeyi ilə bağlıdır.

 

“Əgər İranın bu mövqeyi olmasaydı, İlham Əliyevi heç nə dayandırmazdı və bizim hakimiyyət “biz dağlar uğrunda döyüşməyəcəyik” deyərdi”.

 

Bakı Ermənistandan Azərbaycanı Naxçıvanla birləşdirəcək, gömrük nəzarəti olmadan və maneəsiz yol verməsini tələb etməkdə davam edir. Yerevan isə öz növbəsində israr edir ki, bu marşrutlar ölkələrin suverenliyi çərçivəsində fəaliyyət göstərməlidir.

 

Rəsmi Tehran dəfələrlə “Zəngəzur dəhlizi”nin həm Ermənistana, həm də İrana zərər verəcəyini bəyan edib. Fevralın əvvəlində İranın Ermənistandakı səfiri Mehdi Sobhani Tehranın dəhliz məntiqi çərçivəsində işləyəcək istənilən yolun əleyhinə olduğunu bir daha bəyan edib.

 

“Zəngəzur dəhlizi” adlanan ərazi ətrafında vəziyyəti yalnız Ermənistan və İran eyni cür qiymətləndirir. Bu layihəyə qarşı çıxan Ermənistanı yalnız İran dəstəkləyir. Regiondakı bütün ölkələrdən yalnız İran bu məsələdə Ermənistanın yanındadır”, – deyə Sobhani bildirib. (MeydanTV)

Tacxeber.com

Oxşar xəbərlər