Eksklüziv: ABŞ-Ukrayna minerallar sazişində nələr var
Ukrayna ABŞ-yə özünün təbii resurslarına çıxış verən sazişə razılaşıb. Bu razılaşma Rusiyanın Ukraynaya qarşı üç ildir apardığı müharibəni bitirməyi hədəfləyən, son vaxtlar sürətlənən diplomatik səylər fonunda əldə olunub.
Tacxeber.com xəbər verir ki, AzadlıqRadiosunun əldə etdiyi sənəddən görünən odur ki, əsas məsələlər həllini tapmır, detalların çoxunun gələcək razılaşmada yer alacağı gözlənilir.
Sənəddə ABŞ-nin Ukraynaya təhlükəsizlik qarantiyaları nəzərdə tutulmayıb, baxmayaraq ki, bu, Kiyevin əsas tələbi idi. Həmçinin Birləşmiş Ştatların Ukraynaya hərbi texnika və sursat təchizatını davam etdirəcəyi də dəqiqləşdirilmir.
Əsas məqamlar
-
Təhlükəsizlik qarantiyaları yoxdur: Sənəddə Ukraynanın təhlükəsizlik təminatları istəməsinə dəstək ifadə olunur, ancaq təminat verilmir;
-
Resursların işlənməsi: Ukrayna və ABŞ Ukraynanın təbii resurslarını, o cümlədən vacib mineralları, neft və qazı birlikdə istehsal edəcəklər;
-
Yenidənqurma fondu: Birgə fonda Ukraynanın dövlətə məxsus resurslarının 50 faizi daxil olacaq;
-
Təkrar sərmayə: Fondun gəlirləri “azı illik əsasla” Ukraynanın iqtisadi bərpasına sərmayə olunacaq;
-
Açıq qalan detallar: İdarəçilik və sahibliklə bağlı detallar daha sonra razılaşdırılacaq.
Sənəd Vaşinqtonun Rusiyanın tammiqyaslı işğalı başlayandan Ukraynaya əhəmiyyətli maliyyə və maddi dəstək verdiyini qeyd etməklə başlayır.
Amma Vaşinqtonun Ukraynanın mineral sərvətinə çıxışdan əldə olunacaq potensial gəlirdən 500 milyard dollar tələb etməsinə də toxunulmur. Sazişin daha öncəki versiyasında bu tələb vardı.
Ukrayna prezidenti Volodimir Zelenski isə dəfələrlə bunun qəbuledilməz olduğunu bildirib.
Ukraynaya təhlükəsizlik qarantiyası yoxdur
Sazişdə ABŞ tərəfdən qəti təhlükəsizlik vədləri yer almayıb. Ancaq deyilir ki, “Birləşmiş Ştatlar Ukraynanın təhlükəsizlik qarantiyaları əldə etmək səylərini dəstəkləyir”.
O da vurğulanır ki, Vaşinqton “sabit və iqtisadi baxımdan çiçəklənən Ukraynanın inkişafına uzunmüddətli maliyyə öhdəliyini saxlayacaq”.
Bu ümumi bəyanatlardan sonra sazişin əsas hissəsində birgə mülkiyyət hüququ ilə Yenidənqurmaya Sərmayə Fondunun qurulmasından söz açılır. Ukrayna dövlətə məxsus təbii resurslarından gələcək gəlirlərin 50 faizini bu fonda yatırmağa razılaşır.
Bu, mineral sərvət, neft, qaz, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) terminalları və limanlarından gəlirlərə aiddir.
Aydın qeyd edilir ki, “gəlirlərin bu gələcək mənbələri Ukraynanın ümumi büdcə gəlirlərinin tərkib hissəsi olan mövcud gəlir mənbələrini əhatələmir”.
Fondun pulu “azı illik əsasla” yenidən Ukraynaya sərmayə qoyulacaq.

Cavabsız suallar
Cavabsız qalan xeyli suallar var. Sazişdə deyilir ki, bu sualları gələcək saziş cavablayacaq, onunla bağlı da işçi qruplar “yubanmadan” danışıqlara başlayacaqlar.
Suallardan biri fondun birgə sahibliyinin necə olacağıdır, yəni sadəcə 50-50-yə olmaya da bilər. Fondun idarə olunması və işlədilməsi ilə bağlı detallar da həllini tapmalıdır.
Sazişdə deyilir ki, tərəflərdən heç biri digər tərəflə razılaşdırmadan fondun hər hansı hissəsini sata, transfer edə, yaxud başqa cür sərf edə bilməz. Başqa sözlə, heç bir tərəf birtərəfli geri çəkilə bilməz.
Sazişi Ukrayna parlamenti, Ali Rada təsdiqləməlidir, Konqresdə təsdiqlənməsi barədə bir söz deyilmir.
Zelenskinin hakim “Xalqın xidmətçisi” partiyasından deputat Boqdan Kitsak AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, sazişdə iqtisadiyyat üçün potensial faydalar nəzərdə tutulub.
“Bundan ötrü nəhəng sayda mütəxəssislər, elmi tədqiqat, yeni texnologiyaların yaranması tələb olunur”, –o, ABŞ sərmayəsinin “yeni iqtisadiyyat” yarada biləcəyini də sözlərinə əlavə edib.
Zelenskinin keçmiş iqtisadi müşaviri Oleq Ustenko AzadlıqRadiosuna deyib ki, “burada simvolizm maliyyə və iqtisadi məsələlərdən daha böyük rol oynayır”.
ABŞ prezidenti Donald Tramp üçün bu saziş siyasi qələbə sayıla bilər. İstədiyinə çatır.
Zelenski isə detallar uğrunda çarpışmalı olacaq. İndiliksə bu saziş ortalıqda olan acı nifaqı yüngülləşdirə bilər. Axı, Tramp ona “diktator” da demişdi.
Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq və radionun Ukrayna xidməti hazırlayıb.