Latviya Seymində azərbaycanca çıxış: Fəxr edirəm… – Video
Latviya Seyminin azərbaycanlı deputatı Amil Səlimov parlamentdə çıxışı zamanı öz milli kimliyi ilə fəxr etdiyini bildirib.
Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, onun çıxışı sosial şəbəkələrdə geniş yayılıb.
Deputat vurğulayıb ki, Azərbaycan və türk dillərini bilməklə qürur duyur və bu biliklərindən istifadə etmək istəyir.
Millət vəkili “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözlərini Azərbaycan dilində deyib, daha sonra dövlət dilinə bu sözləri tərcümə edib:
“Bəs indi mən nə etməliyəm? Tutaq ki, bizə Azərbaycan və ya Türkiyənin səfiri gəlsə, onlarla onların dilində danışmamalıyam? Mən bacarıram. Mən həm türk, həm də Azərbaycan dilində danışa bilirəm, bununla qürur duyuram. Bu dilləri bilmək lazımdır, geniş yayılmış dillərdir. Öz biliklərimdən istifadə etmək istəyirəm. İndi valideynlərim mənə zəng etsə, onlarla Azərbaycan dilində danışmayım? Təşəkkür edirəm!”
Qeyd edək ki, Amil Səlimovun bu çıxışına səbəb millətçilərin “parlament binasında yalnız latışca danışmaqla” bağlı təklifləri olub.
Bununla bağlı Amil Səlimov öz sosial şəbəkə hesabında da yazıb. O bildirib ki, bu, demokratiya prinsiplərinə uyğun gəlməyən bir təklifdir:
“Latış dilini bilməyənlər mənə zəng edəndə parlamentdən qaçmağı düşünmürəm. Və mən öz identikliyimə xəyanət etməyəcəyəm!”