Deputat: Tələsməyək, bu, Trampla-Zelenskinin bir oyunu ola bilər

“Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü ilk növbədə Trampın Zelenskini hörmətlə qarşılaması ilə diqqət çəkdi. Bir neçə gün öncə Ağ Evin qonağı olmuş Emanuel Makron heç belə nəzakətli qarşılanmağa layiq görülməmişdi.
Amma daha sonra baş verənlər olduqca şübhəli görünür”.
Tacxeber.com xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev Tramp-Zelenski görüşünü şərh edərkən deyib.
“Ən maraqlı sual budur ki, jurnalistlərin suallarını cavablandırarkən yaranan “qalmaqal” nə idi?
Sosial şəbəkələrdə Trampı söyənlər, Zelenskini “qəhrəman” elan edənlər və ya əksinə Trampı tərifləyib Zelenskini qınayanlar nəticə çıxarmağa tələsməsinlər. Hadisənin detallarına dərindən diqqət yetirdikdə bu qalmaqalın reallığına şübhələr yaranır. Bu şübhələri saf- çürük etmədən Ağ Evdə doğrudan nəyin baş verdiyini anlamaq çətin olacaq. Eyni zamanda bu şübhələrin həqiqət olub- olmadığını da tezliklə ayırd etmək mümkün olmayacaq. Yalnız hadisələrin sonrakı inkişafı bu məsələlərə aydınlıq gətirə biləcək. Beləliklə, Ağ Evdə baş verən qalmaqal nə idi?”, – deputat qeyd edib.
Deputatın fikrincə, bir ehtimal o ola bilər ki, bu Zelenskini təlimatlandırmaqla Ağ Evin ssenarisi ilə öncədən səhnələşdirilmiş bir şou idi: “Tramp administrasiyası Rusiyanı danışıqlara şirnikləndirmək və gözlənilən danışıqlar ərəfəsində onun Trampa etimadını artırmaq və Trampın qoyacağı şərtlərin Putin tərəfindən qəbul olunmasını asanlaşdırmaq məqsədi ilə belə bir “qalmaqal” şousu oynanıla bilərdi. Zelenskinin ABŞ- dan təkidlə təhlükəzlik zəmanəti “tələb etməsini” Ağ Ev Rusiyaya təzyiq etmək üçün istifadə edə bilər. Digər tərəfdən, bu səhnələşdirilmiş mübahisə Avropanı daha çox səfərbər etməyə və Ukraynaya daha çox yardım etməyə sövq etmək üçün oynanıla bilər. Üçüncü bir tərəfdən, bu qalmaqalı Amerika seçiciləri qarşısında Trampı “qəhrəmanlaşdırmaq”, Obama və Baydenin simasında demokratların apardığı siyasətin nə qədər ağılsız, səmərəsiz və hətta həm ABŞ və həm də digər ölkələr üçün nə dərəcədə zərərli və dağıdıcı olduğunu bir daha təsdiq etmək cəhdi kimi də qiymətləndirmək olar. Əgər ssenari budursa, deməli Tramp administrasiyası eyni zamanda Avropaya, Rusiyaya və Amerikadakı siyasi rəqiblərinə, yəni demokratlara qarşı oyun nümayiş etdirirdi. Bu halda əsl danışıqlar, həqiqi substantiv danışıqlar görüşün qapalı mərhələsində tamamilə başqa tonda və məcrada aparılacaqdı. Belə düşünməyə əsas verən amillərdən biri də həm Trampın, həm də Zelenskinin bioqrafiyasında “şoumenlik” stajının olmasıdır. Əgər bu qalmaqal tərəflər arasında öncədən razılaşdırılmış ssenari üzrə süni şəkildə yaradılıbsa, hesab etmək olar ki, hər iki tərəf öz rolunu məharətlə oynadı və bu oyun ilk növbədə Putinə qarşı qurulub. Putinin bu səhnəni necə oxuması isə bir başqa məsələdir.