“Qızınmadıq istisinə, kor olduq tüstüsünə” – Vüqar Abbasov
Vüqar Abbasov – Niderland:
Amerikada, Ağ Evdə baş verənlər dünyanın diqqət mərkəzindədir. Bütün bunlar bəzilərində sevinc, bəzilərində isə təəssüf hissi yaratdı. Bir ölkənin prezidentini dünyanın gözü qarşısında alçaltmağa çalışmaq doğru deyildi. “Alçaltmağa çalışmaq” yazdım, çünki hər kəsin fikrincə, buna tam nail olunduğunu düşünmürəm. Amma ABŞ-ın bugünkü mövqeyi (mənim fikrimcə):
– Rusiyanın mövqeyini gücləndirdi. Bu hadisələrdən sonra Rusiyanın dünyada, xüsusilə keçmiş sovet ölkələrində daha çox söz sahibi olma ehtimalını artırdı.
– Bundan sonra Amerikanın etibarlı tərəfdaş kimi görünməsinin düzgün olmadığı fikrini daha da möhkəmləndirdi. Çətin ki, bundan sonra hər hansı bir dövlət Amerikanın sözünə güvənsin. Bu etibar, demək olar ki, tamamilə sarsıldı.
– Siyasətin nə qədər riyakar olduğunu, atılan hər addımın yalnız şəxsi maraqlara və öz iqtisadiyyatlarının gücləndirilməsinə xidmət etdiyini bir daha sübut etdi.
– Qərb dövlətlərinin Rusiyaya güzəştə getdiyi təəssüratını yaratdı, sanki Rusiyanın Qərbə deyil, Qərbin Rusiyaya güzəşt etdiyini göstərdi.
– “Demokratiya uğrunda mübarizə” və bu kimi çağırışların əslində müəyyən qüvvələrin maraqlarına xidmət etdiyini, dünən “demokrat” adlandırılan şəxslərin bu gün “diktator” kimi damğalana biləcəyini ortaya qoydu.
Bir sözlə, Amerika ilə Rusiya arasındakı tarixi soyuq müharibə və soyuq münasibətlər Ukraynanın “istilik qazanxanasında” qızışdırıldı. İndi ya dünya bu istilikdən yararlanıb isinəcək, ya da xalq arasında deyildiyi kimi, “qızınmadıq istisinə, kor olduq tüstüsünə” misalı, tüstüsündən zərər görəcək.