• 04 Mart 2025 20:00

Suriyada gizli tunellər: Mahir Əsədin sirli xəzinəsi

Suriya paytaxtı Şamda devrilmiş rejimin lideri Bəşər Əsədin qardaşı Mahir Əsədə məxsus bağ evinin altında pul kassalarının yerləşdiyi tunellər və zirehli qapıları açıla bilməyən otaqlar aşkarlanıb.

 

Tacxeber.com xəbər verir ki, Şam-Beyrut avtomobil yolunun yaxınlığında, paytaxta hakim yüksəklikdə tikilmiş üç mərtəbəli bu iqamətgahın ətrafı hündür divarlarla əhatələnib və geniş həyətində helikopter meydançası mövcuddur.

 

Binanın giriş mərtəbəsində avtomobil dayanacağı və iclas otağı yerləşir. Ən aşağı mərtəbədə isə tunellərə açılan zirehli bir qapı var. Bu qapıdan aşağı enən 22 pilləli nərdivan ara keçidə aparır. Burada istirahət üçün nəzərdə tutulduğu güman edilən bir tunel mövcuddur. Daha 130 pillə enildikdə isə tunellərin əsas hissəsinə çatılır. Burada elektrik xətləri, havalandırma, yataq otağı, mətbəx və vanna otağı kimi bölmələr yerləşir. Tunellərin zirehli qapılarla qorunması diqqət çəkir.

 

Tunelin əsas hissəsində sağa və sola açılan otaqlar var. Bəzi otaqlarda içi boşaldılmış pul kassaları və lüks saat markalarının stendləri aşkar edilib. Hələ açıla bilməyən və içində nə olduğu bilinməyən 2 zirehli otaq da tunellərdə mövcuddur.

 

Təxminən 3 kilometr uzunluğu olan tunelin bir qolu devrilmiş rejimin 4-cü Zirehli Diviziyasının əsas qərargahına aparır. Suriya-Livan avtomobil yolu istiqamətində tunellərə avtomobil girişləri də müşahidə edilib.

 

Bağ evinin təhlükəsizlik işçilərindən biri olan Fayiz Məhəmməd bildirib ki, Mahir Əsəd buranı həm ofis, həm də istirahət yeri kimi istifadə edirdi. O qeyd edib ki, bağın altındakı tunellərdə kassaların saxlanıldığı otaqlar var və bu tunellərdə hələ də zirehli qapıları açıla bilməyən 2 otaq mövcuddur. Həmçinin bağ evində 4-cü Zirehli Diviziyaya aid sənədlər və materiallar tapılıb. Bu sənədlərdə Mahir Əsədin əmrləri və yazışmaları əks olunub.

Tacxeber.com

Oxşar xəbərlər