• 06 Mart 2025 13:56

Azərbaycan Avropada həbsdə olan jurnalist sayına görə ikincidir.

 

Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir. Ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub. Onların 44-ü Belarusun, 30-u Azərbaycanın, 29-u Rusiyanın (28-i Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində), 27-si Türkiyənin və 1-i Gürcüstanın payına düşür. Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması martın 5-də illik hesabatını açıqlayıb.

 

“Azərbaycanda Kütləvi İnformasiya Vasitələri Haqqında Qanun, mətbuat azadlığını boğmağa davam edir və təcili olaraq yenidən nəzərdən keçirilməlidir. Qanunun digər maddələrinə görə, mətbuata “əxlaqsız leksik məzmun” və ya “şəxsin şərəf və ləyaqətini alçaldan” məlumatları dərc etmək və yaymaq qadağan edilir. Bu qanunvericilik, jurnalistlərin ictimai nəzarətçi rolunu zəiflədir və media müstəqilliyini daha da sarsıdır”,- “Avropa Media Azadlığı hesabatı”nda deyilir.

 

Rəsmilər ölkədə media qanunu ilə bağlı tənqidləri, eləcə də mətbuat azadlığının pozulması fikirlərini qəbul etmirlər, təməl hüquqların qorunduğunu deyirlər. Hazırda həbsdə olan jurnalistlər əsasən qaçaqmalçılıqda ittiham olunsalar da, özləri ittihamları peşə fəaliyyətləri ilə bağlayırlar.

 

Medianın azadlığını məhdudlaşdıran digər amillər

Mediaya qarşı siyasi təzyiqin, dezinformasiyanın artdığı, mətbuatın müstəqilliyinin zəiflədiyini vurğulanır. Ötən il jurnalistlərin atəşə tutulduğu ən azı yeddi insident qeydə alınıb, Rusiyanın işğalında olan Ukrayna ərazilərində ən azı 28 ukraynalı jurnalist həbs edilib.

“Rusiyada müharibə senzurası və dövlət orqanlarının tənqidini cinayət hesab edən sərt qanunlar müstəqil jurnalistikanın sıxışdırılmasını gücləndirib. 2024-cü ilin dekabrına qədər ən azı 29 rusiyalı jurnalist həbs edilib”, – hesabatda deyilir.

 

Hesabata görə, medianın azadlığına təsir edən digər bir amil ötən il Avropa Şurasına üzv ölkələrdə və ABŞ-da keçirilən bir çox seçkilərdə illiberal və populist partiyaların qələbəsidir.

Avropa Şurası bildirib ki, jurnalistlərin təhlükəsizliyi və mənbə gizliliyi üçün digər ciddi təhdid casus proqramlarıdır. Jurnalistlərin izlənməsi geniş yayılıb və bunun aşkarlanması çətinləşib. Ötən il üç ölkədə bu hal qeydə alınıb.

 

Qeyd olunub ki, mühacirətdəki jurnalistləri susmağa məcbur etmək üçün hüquqi tədbirlərlə hədəf alınması ilə bağlı hallar sənədləşdirilib: “Bəzi hökumətlər, beynəlxalq hüquqi alətləri, məsələn, İnterpolun “qırmızı xəbərdarlıqları”nı sui-istifadə edərək, mühacirətə gedən jurnalistləri hədəf alır, bu isə qlobal miqyasda mətbuat azadlığını zəiflədir”.

Hesabata görə, media azadlığına qarşı digər bir təhdid media üzərində nəzarətdir. Dövlət və siyasi partiyaların media üzərində nəzarəti – tənzimləyici müdaxilə, mülkiyyət manipulyasiyası və maliyyə təzyiqi vasitəsilə – mətbuat azadlığı və plüralizmi zəiflədir. Avropa Şurası xəbərdarlıq edir ki, bu təhdid artmaqdadır. “Bəzi hökumətlər tənzimləmə və maliyyə alətlərindən istifadə edərək ictimai yayım mediasına nəzarət edir”.

 

Gürcüstan diqqət mərkəzində olan ölkələr sırasında

Hesabatda bildirilir, 2024-cü ildə diqqət mərkəzində olan ölkələr Gürcüstan, İtaliya və Slovakiyadır. 2024-cü ildə Avropa Şurasının bütün üzv dövlətləri arasında mətbuat azadlığı ilə bağlı xəbərdarlıqların ən yüksək artımı qeydə alınan ölkə Gürcüstandır. Ötən il ölkədə keçirilən seçkilərdə və daha sonra etiraz aksiyalarında onlarla jurnalist zorakılığa məruz qalıb. “Bir vaxtlar mühacirətdə olan jurnalistlər üçün təhlükəsiz yer hesab edilən Gürcüstan getdikcə daha təhlükəli vəziyyətə düşüb”, – hesabatda deyilir və jurnalist Əfqan Sadıqovun 2024-cü ilin noyabrında həbsi və Azərbaycana ekstradisiyası barədə qərar çıxarılması qeyd olunub.

 

“Azel TV” saytının təsisçisi və baş redaktoru Ə.Sadıqov Azərbaycanda pul tələb etməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib. O daha əvvəl də Azərbaycanda məhkumluq yaşayıb, xuliqanlıq niyyəti ilə sağlamlığa ziyan vurmada təqsirli bilinib. Amma özü işi qurama sayıb.  (AzadliqRadiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər