• 06 Mart 2025 21:57

Suyun qiyməti qalxacaq? – AÇIQLAMA

Son vaxtlar sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində su tariflərinin dəyişdiriləcəyi və qiymətin artırılacağı ilə əlaqədar Milli Məclisdə müzakirələrin aparıldığına dair xəbərlər dolaşır. 

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Aydın Hüseynov bildirib ki, su tariflərinin dəyişdirilməsi parlamentin müzakirə edəcəyi məsələ deyil:

 

“Su tariflərinin dəyişdirilməsi Milli Məclisin müzakirə edəcəyi məsələ deyil. Suyun qiyməti qanunla tənzimlənmir. Konkret bu mövzuda hər hansı məsələ müzakirəyə çıxarılmayıb və çıxarılma predimeti də deyil”.

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu isə qeyd edib ki, Tarif Şurasına qiymətlərin artırılması ilə bağlı heç bir müraciət edilməyib:

 

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti olaraq, biz Tarif Şurasına qiymətlərin qalxması ilə bağlı rəsmi müraciət etməmişik”.

 

Qeyd edək ki, daha öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsinin hazırlandığını deyib.

Tacxeber.com

Oxşar xəbərlər