• 13 Mart 2025 01:58

Elvin Cəfərquliyev: “Santosun boğazından ona görə tutdum ki…” Oyunda baş verən dava-dalaş haqqında

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 26-cı turunda “Araz-Naxçıvan”a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

– 3:1 hesablı qələbəni necə şərh edərdiniz?

– Oyun gərgin keçdi. Maraqlı qarşılaşma alındı. Bilirdik ki, “Araz-Naxçıvan” güclü rəqibdir. Elə hesabı açmaları da göstərdi ki, işimiz çətin olacaq. Amma təslim olmadıq, sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq.

 

– Fasilədə Qurban Qurbanov sizə hansı tapşırıqları verdi? Çünki ikinci 45 dəqiqədə daha üstün futbol sərgilədiniz…

– Mən oyuna ikinci hissədə qoşuldum. Ona görə də fasilədə baş məşqçinin nə dediyini bilmirəm. Ümumilikdə bəli, iki fərqli hissə izlədik. İkinci 45 dəqiqədə öz oyunumuzu göstərib qalib gəldik.

 

– Meydandakı gərginlik nədən qaynaqlandı, nə baş verdi həmin anda?

– Dəqiq bilmirəm. Mən bir qədər kənarda idim. Sonradan ora yaxınlaşdım ki, futbolçuları aralaşdırım. Felipe Santos isə üzümə zərbə endirdi və yıxıldım yerə.

 

– Düşünmürsünüz ki, həmin epizodda hakim sizə qarşı güzəştə getdi?

– Mənə güzəştə getdi?

 

– Bəli. Hər halda Santosun boğazından ikiəlli tutmuşdunuz…

– Santosun boğazından tutdum, sadəcə məqsədim aralaşdırmaq idi. Başqa niyyətim yox idi.

 

– Yəni iddia edirsiniz ki, siz tərəfindən heç bir kobudluq yox idi?

– Xeyr. Dediyim kimi, məqsədim sadəcə futbolçuları aralaşdırmaq idi.

 

Tacxeber.com

Oxşar xəbərlər