• 12 Mart 2025 15:35

Cəmil Həsənli: “Arxiv İdarəsində 27 vərəq surət üçün 90 manat pul ödəməlisən”

Bu gün Azərbaycan arxivlərindən istifadə ilə bağlı yaranmış acınacaqlı vəziyyət haqqında yazmaq istəyirəm. Bilirsiniz ki, humanitar-ictimai elmlər, xüsusi ilə tarixi tədqiqatlar bilavasitə arxivlərlə bağlıdır. Son illər Azərbaycan arxivlərində tədqiqatçılar üçün keçiləsi mümkün olmayan maneələr yaradılıb.

 

Bu həftə nəşr olunacaq “Bağırovdan sonrakı Azərbaycan” kitabını nəşrə hazırlayarkən bəzi dəqiqləşdirmələr üçün respublika arxivlərindən birinə getmişdim. Siyahılarla tanış olduqdan sonra 2-3 qovluqdan 27 vərəq surət sifariş etdim. 2 gün sonra surətləri almağa gələndə arxivin mühasibət işçiləri karkulyatorda vurub-çıxıb dedilər ki, 90 manat pul ödəməlisən. Doğrusu nitqim qurudu. Pula görə yox. 27 vərəqə 90 manat hesablanmasına görə. Dəqiqləşdirmədən sonra bu məbləğ 14 manat 50 qəpiyə düşdü. Amma yenə tədqiqatçılar üçün bir vərəqə 50-60 qəpik ödəmək də çoxdur.

 

Dünyanın müxtəlif arxivlərində işləmişəm. Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, Amerika arxivlərindən haradasa 50 min vərəqə yaxın çox qiymətli sənədlər çıxarmışam. Sənədlərin bir hissəsini istifadə etdikdən sonra onun haradasa 30 mindən artıq vərəqini pulsuz-parasız Azərbaycan Respublikası İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinə vermişəm ki, Moskvaya, Londona, Parisə, Ankaraya, Berlinə getmək imkanı olmayan gənc tədqiqatçılar istifadə edə bilsinlər. Həmin sənədlər Arxivdə “Professor Cəmil Həsənlinin Kolleksiyası” adı ilə fondlaşdırılıb. 8 siyahıdan ibarət olan Fondun nömrəsi 11157-dir.

 

Vər hər bir siyahının sonunda qeyd edilir ki, təmənnasız olaraq bu sənədlər daimi saxlanma və tədqiqatçıların istifadəsi üçün arxivə verilmişdir. İndi belə çıxır ki, mənim təmənnasız olaraq arxivə verdiyim bu sənədlərin hər vərəqinə tədqiqatçı Fonda, Siyahıya, Qovluğa baxımağın qiyməti əlavə olunmaqla 2-3 manat pul ödəməlidir. Bu fond haqqında sonra.

 

Niyə belə bir vəziyyət yaranıb? Deməli, 2023-cü ilin iyul ayının 31-də Baş nazir Əli Əsədov “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını təsdiq edib.

 

 

Görün bu qərarla Azərbyan tarix-filoloji, humanitar elmlərinin belini necə qırırlar. Deməli, həmin qərara görə tədqiqatçı özünə lazım olan sənədləri siyahılardan tapmaq üçün əlyazma formasında olan siyahının hər bəndinə (yəni yalnız sənədin adına) baxmaq üçün 14 qəpik, makinə və ya kompyuterdə yazılmış siyahının hər bəndinə -yəni yalnız sənədin adına görə 10 qəpik ödəməlidir. İndi məndən istənilən 90 manatın timsalında izah edim ki, bu nə deməkdir. Məsələn, mənə 1960-1962-ci illərin siyahılarına baxmaq lazımdır. Arxivdə bu siyahı ayrıca yoxdur. Siyahı 1920-1991-ci illəri əhatə edir. Mühasibət də 1920-ci ildən 1991-ci ilə qədər siyahıda olan bütün sənədlərin ad yazısını 10 qəpikdən mənə hesablayır. Təsəvvür edirsinizmi?

 

Daha sonra Əli Əsədovun məlum qərarına görə tədqiqatçı Arxivdə hər kataloq vərəqinə baxmaq üçün 40 qəpik, elektron kataloqa bir dəqiqə baxmaq üçün 50 qəpik, soraq ədəbiyyatının hər vərəqi üçün 60 qəpik pul ödəməlidir.

 

Hələ bu harasıdır. Araşdırmaçı siyahıya, kataqoqa, elektron kataloqa baxdı və özünə lazım olan qovluqları seçib sifariş etdi. Həngamə bundan sonradır. tədqiqatçı Müraciət üzrə arxiv sənədlərinin araşdırılması üçün əl yazısında olan sənədin hər vərəqinə görə 1 manat 50 qəpik, makinada yazılmış sənədin hər vərəqinə görə 1 manat, xarici dildə olan sənədlərin hər vərəqinə 3 manat, fotosənədlərin hər saxlama vahidini 2 manat, kino-videosənədlərin hər saxlama vahidi üçün 10 manat pul ödəməlidir.

 

Allaha and olsun ki, Baş nazir də daxil olmaqla bu qərarı qəbul edənlərin başı işdəmir. Bunlar arxivə dayanan, inkişafı bilavastə arxivlərdə asılı olan tarix və humanitar elmin axırına çıxırlar, elmin kötüyünə balta vururlar. Siz alimə, tədqiqatçıya, doltoranta nə pul verirsiniz ki, dövlət arxivlərində saxlanan sənədlərdən istifadəyə belə qiymət qoyursunuz. Bunlar başa düşmürlər ki, sənədlər yalnız arxivdə saxlamaq üçün deyil, həm də istifadə üçündür. Bu qiymətə hansı tədqiqatçı, hansı doktorant onlardan istifadə edəcək?

 

Bu da hamısı deyil. Deməli bunlar bir neçə il əvvəl arxivlərin əsasnaməsinə dəyişiklik ediblər. Bu ədəyişikliyə görə arxivin rəhbərliyi istənilən sənədi tədqiqatçıya verməmək hüququ əldə edib. Məsələn, müxtəlif dövrlərdə Azərbaycanın idarə edilməsində iştirak etmiş şəxslərin şəxsi işi arxivlərdə saxlanılır. Həmin şəxsi işlərdə həmin vəzifəli şəxslər haqqında olan əmrlər, təltivlər, cəzalar, onlar haqqında yazılmış xarakteristikara, onalrın özləri tərəfindən yazılmış tərcümeyi-hallar və digər sənədlər saxlanılır. Dövrün tarixini yazmaq üçün bu şəxsi işlərə baxmaq zəruridir. Arxiv rəhbərliyi isə deyir ki, həmin şəxsi işlər yalnız onların bilavasitə vərəsələrinə, ailə üzvlərinə verilə bilər.

 

Dəlixana! Bunlar başa düşmürlər ki, ailə üzvü ona lazım olan vətəndaş aktları ilə bağlı məlumatları Ədliyyə nazirliyinin arxivindən ala bilər. Amma o şəxslərin ki, şəxsi işləri məsələn Siyasi Sənədlər Arxivində saxlanılır, onlar publik şəxlərdir, ölkənin idarəçiliyində iştirak etmiş, partiya, sovet və hökumət orqanlarında yüksək vəzifə tutmuş ictimai-siyasi xadimlərdir. Onların şəxsi işlərində toplanan sənədlər dövrün tarixini, mədəniyyətini, ictimai həyatını öyrənmək, araşdırmaq və yazmaq üçün zəruri sənədlərdir, həmin sənədləri ailə üzvlərinə heç bir aidiyyəti yoxdur. Bu sadəcə olaraq anlamazlıqdır, ölkə tarixini şikəst etməkdir.

 

Ayrı bir özbaşınalıq isə ötən əsrin 70-80-ci illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun, katibliyinin və plenumlarının sənədləri üzərinə qadağalıq qrifinin qoyulmasıdır. Sovet dövründə rəhbər və idarəedici orqan Kommunist Partiyası Mərkəzi Komitəsi idi. Əgər bu orqanın ən zəruri sənədləri üzərinə qadağanlıq qrifi qoyulursa bu dövrün Azərbaycan tarixini hansı sənədlər əsasında yazmaq olar?

 

Ayrı bir iyrənclik xarici araşdırmaçıları Azərbaycan arxivlərindən qaçaq salmaqdır. Bunlar bütün xarici tədqiqatçılar istisnasız olaraq casus kimi, agent kimi baxır. Hər hansı xarici tədqiqatçı müraciət edəndə onun sənədlərini, maraqlandığı mövzu haqqında məlumatları göndərirlər prezident aparatına və Dövlət Təhlükəsizlik Xidmətinə. Bu başı boşlar anlamırlar ki, XXI əsrin 20-ci illərində arxiv sənədləri kəşfiyyat – agentura məqsədi üçün çoxdan əhəmiyyətini itirib. Yeni müstəqillik əldə etmiş ölkələr üçün onun beynəlxalq tanınmasında yazılan kitablar, nəşr edilən məqalələr (xüsusi ilə xarici tədqiqatçılar tərəfindən) müstəsna əhəmiyyətə malikdir. Sadəcə olaraq bunlar “bolşevik sayıqlığı”, “şpionamaniya xəstəliyi”, “agent axtarışı” kimi gic-gic qərarları ilə ölkənin beynəlxalq aləmdə tanınmasının qarşısını alırlar. Vaxtı ilə – ötən əsrin 80-ci illərinin əvvəllərində Bakı Dövlət Universitetinə bir illik tədqiqat proqramı ilə gəlmiş görkəmli tarixçi, nadir “Azərbaycan türkləri” kitabının müəllifi Audrey Altstadt Sovet Azərbaycanın arxivlərində daha rahat işləyirdi, nəinki bu günkü Qərb tarixçiləri.

 

Nə deyəsən! Əlvida tarix elmi. Sovet dövründə deyirdik ki, tariximizin, mədəniyyətimizin doğru-dürüst yazılmasına, xaricə çıxmasına Moskva imkan vermir, bəs indi kim qoymur? Axı, Əli Əsədovun bu qiymətləri ilə kim tədqiqat aparacaq, hansı doktorant tələblərə cavab verən iş yazacaq, kim arxiv sənədləri əsasında tənqidə dözümlü əsərlər yazacaq, bu KGB “pusqusu” altında hansı xarici gəlib Azərbaycan haqqında tədqiqat aparıb kitab yazacaq?

 

Artıq iki ilə yaxındır bu qərar qəbul edilib. Nə Akademiyanın humanitar institularından, nə Təhsil nazirliyindən, nə Mədəniyyət nazirliyindən, nə də Universitetlərin müvafiq fakültələrindən heç bir səs çıxmır. Halbuki, həyəcan zəngi çalınmalıdır, müzakirələr açılmalıdır, haray qaldırılmalıdır. Alimlər və alim olmaq istəyənlər həm gözünün nurun, ürəyinin yağını, ağlını, intellektini sərf edib kitab yazmalıdır, həm də yazdığı kitaba görə pul ödəməlidir. Bir monqol atalar sözündə deyilirdi ki, bıçaq uşaq əlində, tərif yaltaq dilində, hakimiyyət cahil əlində çox təhlükəlidir.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər