• 13 Mart 2025 03:38

Zelenski Trampla növbəti görüşə kostyumla GEDƏCƏK?

Xəbər verdiyimiz kimi fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdü. Lakin emosional və gərgin keçən görüş yarımçıq qaldı.

 

Ötən iki həftə dünyanın siyasi gündəmini məşğul edən bu görüş barədə müxtəlif fikirlər səslənir. Bir çoxları Zelenskiyə haqq qazandırır, onun Trampa boyun əymədiyini söyləyir. Amma görüşün niyə gərgin keçdiyindən çox az danışılır. Çoxları ancaq görünən mənzərə barədə fikirlər səsləndirir.

 

Tramp-Zelenski görüşü niyə gərgin keçdi?

 

Amerikalı və beynəlxalq müşahidəçilər qətiyyətlə bildirirlər ki, görüşün gərgin notlar üzərində köklənməsinin ilkin səbəbi Zelenskinin Amerika Prezidenti ilə görüşə qeyri-rəsmi geyimdə gəlməsi olub. Çünki beynəlxalq praktikaya və diplomatik qaydalara görə rəsmi görüşlərə hər kəs rəsmi formada- kostyumda qatılmalıdır. Zelenski protokol və etiket qaydalarını pozaraq görüşə gündəlik geyimə gəldi. Bu da Ağ Evdəki hər kəsi qəzəbləndirdi.

 

Təsadüfi deyil ki, rəsmi tədbir zamanı amerikalı jurnalist Qlen Brayan Zelenskiyə Oval ofisə kostyumsuz gəldiyinə görə irad tutaraq, ondan kostyumunun olub-olmadığını soruşub. Sualı yersiz hesab edən  Zelenski jurnalistə ikrahla cavab verib:

 

“Müharibə bizim üçün bitəndə geyinəcəm. Bəlkə də sizin kimi, bəlkə daha yaxşı, bəlkə daha ucuz. Görəcəyik”.

 

Təbii ki, Zelenskinin bu hərəkətləri ona çox baha başa gəldi. Birincisi, o Vaşinqtondan əliboş qayıtdı. İkincisi, özünü ifşa etdi. Məlum görüşdən bir neçə gün sonra  “Financial Times” nəşri başda olmaqla rəsmi Vaşinqtona bağlı bir çox mətbuat orqanları yazdı ki, Zelenskinin geydiyi heç də səhra geyimi deyil, brend mallardır. O da məlum oldu ki, Zelenskinin geyimlərini əslən azərbaycanlı olan dizayner-modelyer Elvira Həsənova hazırlayır və bu “səhra geyimləri” kifayət qədər bahadır.

 

O da məlum oldu ki,  Ukraynada azərbaycanlı ailənin yaratdığı “Damirli” geyim şirkətinin məhsullarından təkcə bu ölkənin yox, Avropa və ABŞ-nin məşhur şəxsləri də yararlanırlar. Brendin yaradıcısı Elvira Həsənovanın geyimlərinin müştəriləri arasında Zelenskidən başqa, Böyük Britaniyanın sabiq baş naziri Boris Conson və kral ailəsinin üzvləri də var. Dünya ulduzları Kortni Kardaşyan və Cici Hadid, eləcə də yerli məşhurlar bu markanın daimi müştəriləridir.

 

Beləcə, Amerikanın xüsusi xidmət orqanları çox qısa zamanda Zelenskini ifşa etdi ki, onun geyindiyi paltarlar heç də ukraynalı döyüşçülərin gündəlik geyindikləri səhra paltarı deyilmiş, brend mallardır.

 

Bununla da Zelenskinin daha bir qəhrəmanlığı suya düşdü. Və yəqin ki, növbəti dəfə Zelenski Trampla görüşə ənənəvi kostyumda gedəcək. Çünki, başqa yolu yoxdu.

 

Bükə bilmədiyin əli öpməyə məcbursan

 

Zelenski Oval ofisdə özünü təkcə Ukraynanın yox, sivilizasiyanın xilaskarı kimi təqdim etmək istədi. Zelenski Trampa və bütün dünyaya sübut etməyə çalışdı ki, o Rusiya ilə həm də ABŞ üçün vuruşur. Buna görə də təkcə Tramp yox, bütün Amerika xalqı Zelenskiyə minnətdar olmalıdır. Bu minnətdarlığın təcəssümü olaraq Ağ Evdə o yüksək səviyyədə qəbul edilməli, onun hər sözü alqışlarla müşayiət olunmalıdır.

 

Zelenski bəzi məqamları diqqətdən qaçırdı. Ən başlıcası gizli sövdələşməni siyasi təzyiq vasitəsinə çevirməklə o böyük yanlışlığa yol verdi. Hər kəs bilir ki, Ukrayna-Rusiya müharibəsinin memarı ABŞ və Avropa İttifaqıdır. Qərb Ukraynanı həm NATO, həm Aİ-yə üzvlük vədi ilə 20 ildir ki, Rusiyaya qarşı müharibəyə təşviq edirdi.

 

Üstəlik, hər kəs də bilir ki, NATO bu gün əsasən Rusiyaya qarşı dayanan hərbi blokdur. SSRİ-yə qarşı zamanında yaradılan bu hərbi bloka qarşı zamanında Varşava müqaviləsi ölkələri ittifaqı vardı. Lakin 1991-ci ildə SSRİ-nin süqutu ilə  Varşava müqaviləsi ölkələri ittifaqı dağıldı. Əvəzində NATO daha da genişləndi. Bu genişlənmə isə Rusiyaya qarşı soyuq münasibəti olan keçmiş sovet dövlətlərinin NATO-ya qəbulu hesabına oldu.

 

Yəni bu gün NATO-nun və Aİ-nin əsas hədəfi Rusiyadır. Təbii ki, bu təhdidləri görən rəsmi Moskva da NATO qoşunlarının sərhədlərinə yaxınlaşmasına qarşı çıxış edir. Lakin Zelenski və onun sələfləri Rusiyanın təhdidlərinə fikir verməyərək Qərbin vədlərinin ardınca getdi. Nəticə isə göz qabağındadır. İtirən ancaq Ukrayna dövləti və Ukrayna xalqıdır.

 

Bütün bunlardan sonra Zelenskinin Oval ofisdə Trampa meydan oxuması məntiqsiz və ağılsızlıq idi. Üstəlik, zəifləmiş Rusiya ilə təkbaşına bacarmayan Zelenskinin qüdrətli Amerikaya “xox” gəlməsi sadəcə gülünc göründü.

 

Zelenskini nə gözləyir?

 

Bu gün Ukrayna ABŞ və Avropa ölkələrinin dəstəyi və göstərişi ilə Rusiyaya qarşı müharibə aparsa da onun heç bir uğurlu perspektivi yoxdur. Bu gedişlə Zelenski hakimiyyətdə qalmaq üçün kostyum geyinib təkcə Trampın yox, həm də Putinin ayağına gedəcək. Artıq bunun ilk işartıları sezilir. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa məktub göndərərək ondan üzr istəyib. Bunu Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”un efirində bildirib:

 

“Zelenski prezidentə məktub göndərib. Oval ofisdə baş verənlərə görə üzr istəyib”.

 

Bununla paralel ABŞ Prezidenti yenidən Ukraynaya ayrılan hərbi yardımla bağlı sərt fikirlər səsləndirib. “Fox News”a müsahibəsində Tramp ABŞ-ın Ukraynaya 350 milyard dollar yardım etdiyini və bunun Zelenskinin uşağın əlindən konfetini almasına bənzədiyini bildirib:

 

“Zelenski ABŞ-ın dəstəyinə layiqincə təşəkkür etmir və əksinə, Vaşinqtondan daha çox pul qoparmağa çalışır”.

 

Görünən qədərilə, bütün bunlardan sonra Zelenski Trampla növbəti görüşə təkcə kostyumla getməyəcək, həm də Ukraynanın sərvətlərini ABŞ-ın sərəncamına verəcək…

Tacxeber.com

Oxşar xəbərlər