• 12 Mart 2025 16:20

ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı qanun layihəsinin hazırlandığı bildirilir

Qanun layihəsinin tələbi, Qubad İbadoğlu azad olunana qədər İlham Əliyevin təyyarəsinə ehtiyat hissələrinin ixracının qadağan edilməsidir.

 

ABŞ Konqresində ikipartiyalı qanunvericilər qrupunun hazırda ev dustaqlığında olan iqtisadçı Qubad İbadoğlunun azad olunması tələbi ilə qanun layihəsi hazırladığı bildirilir. Bu barədə Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlu özünün “X” hesabında yazıb.

 

“Azərbaycan təyyarə mühərriklərinin ixracına məhdudiyyətlər aktı” adlı qanun layihəsinin tələbi, Qubad İbadoğlu azad olunana qədər Prezident İlham Əliyevin təyyarəsinə ehtiyat hissələrinin ixracının qadağan edilməsidir.

 

Qanun layihəsi ABŞ Dövlət Katibi Marko Rubiodan tələb edir ki, qüvvəyə minəndən sonra 30 gündən gec olmayaraq Konqresin müvafiq komitələrinə Qubad İbadoğlunun saxlanma vəziyyəti, ABŞ-nin onun azad edilməsi üçün diplomatik səyləri, Azərbaycanın sanksiyadan yayınma cəhdlərinə dair hesabat təqdim etsin.

Qanun qüvvəyə mindiyi təqdirdə, hər hansı bir xarici şirkət, maliyyə institutu və ya hökumətin “GE90-110B1L” və ya “GE90-115B” mühərrik hissələrinin Azərbaycana ixracına yardım etdiyi aşkar edilərsə, ABŞ onlara sanksiyalar tətbiq edəcək, o cümlədən pozuntu törədən qurumun iştirak etdiyi maliyyə əməliyyatlarını bloklayacaq və Qanunu pozan təşkilat üçün ABŞ ixrac imtiyazlarını ləğv edəcək.

 

Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin keçmiş tədqiqatçısı, iqtisadçıdır.

Azərbaycanda dövlət xərcləri, dövlət müəssisələrindəki korrupsiya mexanizmini ifşa etməkdə tanınır.

O, 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Həmin gün onun ofisində keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia edilib.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.

İqtisadçı həmçinin FETÖ (Fetullah Gülen Terror Örgütü) ilə əlaqədə ittiham olunur. Lakin o, ittihamı rədd edir, siyasi sifarişlə həbs olunduqlarını deyir.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

O, 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılıb.

2024-cü il mayın 14-də isə sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəz olunub.

 

Tacxeber.com

 

Oxşar xəbərlər