• 13 Mart 2025 02:16

Gənc iş adamı orqanlarını vəsiyyət etdi – sensasion müraciət

Haqqında bəhs etdiyimiz şəxslə tanışlığımızın tarixi heç bir ay da deyil. Amma ilk tanışlığımızda və həmsöhbət olduğum andan etibarən onun çox xeyirxah, vətənpərvər, insansevər bir şəxs olduğuna təmin əmin olmuşdum. Sözarası onu da söyləmişdi ki, bir neçə il əvvəl anasının ağır durumunda qara ciyərindən ona pay verib, ciyərparasının donorluğu hesabına anası daha bir müddət yaşaya bilib. Belə bir duyğusal söhbətimiz olmuşdu.

 

Bir az əvvəl aldğığım zəng daha da duyğulansdırdı. Bildirdi ki, ölümündən sonra orqanlarını bağışlamağı qərara alıb. Həm də mətbuat işçisi olduğumu bildiyi üçün bu barədə media vasitəsilə müraciətinin yayılmasını istədi, həm də ona görə ki, bu kimi təşəbbüslərin davamı olsun, ölkəmizdə orqan donorluğu təşviq edilsin. Söhbət xeyriyyəçi insan, ictimai xadim, “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyevdən gedir.

 

O da aydın oldu ki, ilk olaraq bu barədə Orqan Transplantasiya Mərkəzinə ünvanlayıb və qurumun rəhbərliyi tərəfindən çox bəyənilib. Bir neçə gün öncə ölkədə orqan transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatının çox böyük uğurla yekunlaşdığını xatırladan H.Quliyev bir vətəndaş olaraq həmvətənlərinin dar günündə onlara yarıdımçı olmaq niyyətini qətiləşdirib. Gənc yaşlarında olan Hacı bəyin bu təşəbbüsü sözsüz ki, alqışlara layiqdir. Yeri gəlmişkən, vaxtilə mərhum millət vəkilimiz Qənirə Paşayeva da orqan transplantasiyasını təşviq edirdi və hətta bu barədə vəsiyyəti də olmuşdu.

 

Hacı Quliyevin təşəbbüsü ilə bağlı müraciətini təqdim edirik: “Bu gün sizə mənim üçün son dərəcə mühüm və mənəvi baxımdan dəyərli bir qərarımı bölüşmək istəyirəm. Həyatım boyu insanlara yardım etməyə və ehtiyac sahiblərinə dəstək olmağa çalışmışam, amma bu yolda etdiyim hər bir addım mənəvi borcumun bir hissəsidir. Ölümümdən sonra da başqasının həyatına ümid olmaq, həyatın mənasını daha da dərinləşdirir. Bir çoxunuz bilirsiniz ki, anamın sağlamlığı üçün öz qaraciyərimin bir hissəsini ona bağışlamışam. O an, həyatımın ən çətin, amma ən dəyərli günlərindən biri idi. Çünki sevdiyim bir insanın yenidən həyata bağlanmasına səbəb olmuşdum. Bu fədakarlıq mənə göstərdi ki, insanın həyatı təkcə yaşadığı illərlə deyil, etdiyi yaxşılıqlarla da ölçülür. Bu qərar mənim ailəm, dostlarım və ətrafımdakı insanlar üçün gözlənilməz ola bilər. Amma mən inanıram ki, əgər mənim orqanlarım ölümümdən sonra bir neçə insana yeni bir həyat bəxş edə biləcəksə, bu, mənim üçün ən böyük sevinc və qürur mənbəyi olacaq. Buna görə də, indi qərara gəldim ki, ölümümdən sonra orqanlarımı transplantasiya üçün hədiyyə edim. Təsəvvür edin, hardasa bir ana övladını itirmək qorxusu ilə hər gün göz yaşları içində dua edir… Hardasa bir uşaq, atasının “Sən nə vaxt sağalacaqsan?”- sualı ilə yaşayır… Bir gənc isə gələcəyi üçün böyük arzular qurur, lakin ürəyinin zəifliyi onun vaxtını oğurlayır… Bəlkə də mənim qaraciyərim, böyrəyim və ya ürəyim onların həyatına ümid olacaq! Bu, mənim insanlıq borcumdur”.

 

H.Quliyev daha sonra bildirib: “Mən ölə bilərəm, amma bir parçam, bir neçə insanda yaşamını davam etdirəcək. Bəlkə də mənim həyatımı tamamlayan ölüm, kimsə üçün yenidən həyatın başlanğıcı olacaq. Bu düşüncə mənə rahatlıq və ruhumda dərin bir sülh bəxş edir. Dostlar, biz bu dünyaya heç nə ilə gəlmirik və heç nə ilə gedirik. Lakin buraxdığımız izlər və etdiyimiz yaxşılıqlar əbədi qalır. Mən istəyirəm ki, mənim izim bir neçə insanın ürəyində, gözlərində və nəfəsində yaşasın. Sizdən bir xahişim var – bu barədə ciddi düşünün! Bir gün siz də başqasının həyatını xilas edə bilərsiniz. Bəlkə də, sizin etdiyiniz bir addım, kimsə üçün yenidən yaşamağa başlanğıc olacaq. Bu, dünyada edə biləcəyimiz ən böyük yaxşılıqlardan biridir. Unutmayaq, “Həyat verdiyin qədər dəyərlidir.””(musavat.com)

Oxşar xəbərlər