• 13 Mart 2025 01:15

Niyə Azərbaycan turizm gəlirlərində Ermənistan və Gürcüstandan geri qalır?

Bu barədə iqtisadçı Samir Əliyev bu ölkələrin Mərkəzi Banklarının statistik göstəricilərinə əsasən məlumat verib.

O bildirir ki, koronavirus pandemiyası hər üç ölkənin turizm sektoruna mənfi təsir etsə də, ukraynalı və rus turistlərin hesabına Gürcüstan və Ermənistan Rusiya-Ukrayna müharibəsindən “faydalanıb”.

 

“Azərbaycan isə quru sərhədlərini bağlamaqla Rusiya və Ukraynadan gələn turist axınlarının qarşısını almağa üstünlük verdi”, – deyə iqtisadçı yazıb.

Statistika göstərir ki, 2018-ci ildən bu yana turizm üzrə ən çox qazanc Gürcüstana məxsus olub. Ölkə 2023-cü ildə turistlərin hesabına 4,1 milyard ABŞ dolları dəyərində qazanc əldə edib və ötən ilin ilk 9 ayının göstəricilərinə əsasən bu rəqəmin artacağı gözlənilir.

 

Ermənistan isə 2023-cü ildə bu sahədən 3,1 milyard dollar qazanıb, amma ötən ilin indikatorları ümumi gəlirin azalacağını deməyə əsas verir.

Samir Əliyev deyib ki, Azərbaycanın son 5 ilin artım tempini saxlaya biləcəyini güman etmək olar. “Çünki 2023-cü ilin 9 ayında turizmdən gəlirlərin həcmi $1,1 milyard olduğu halda 2024-cü ilin müvafiq dövründə bu göstərici $1,6 milyarda çatıb. Artımda ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29 tədbirinin xüsusi töhfəsini qeyd etmək olar”, – deyə o qeyd edib.

 

İqtisadçı əlavə edib ki, Azərbaycan 2024-cü ildə 2019-cu ilin göstəricisini ($1,8 milyard) üstələsə də, 2018-ci ilin göstəricisinə ($2,6 milyard) 2026-cı ildən tez çatması real görünmür. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər