Sevinc Vaqifqızı: Biz yalanlarını üzə çıxarmış jurnalistlərik.
Martın 11-də “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) məhkəmədə sərbəst ifadə verib. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə istintaqın bütün ittihamlarını rədd edib və həbsinin əsl səbəblərin açıqlayıb.
Sevinc Vaqifqızının sərbəst ifadəsini olduğu kimi təqdim edirik:
“İnsan həqiqətə nə qədər dözə bilər?” – Alman filosofu Nitşe bu sualı verir.
Biz ölkə başçısı İlham Əliyevin nümunəsində bunun 2 il 2 ay çəkdiyini deyə bilərik. Nə vaxt ki, biz araşdırmalarımıza başladıq və o, özü, qurduğu korrupsiyalaşmış hökuməti barədə həqiqətləri daha eşitmək istəmədi.
Ona görə də heç təəccüblü deyil ki, Ülvini saxlayan Bakı Şəhər Baş Polis İdarəsinin Rauf Quliyev əməliyyatçısı ondan ittiham olunduğu maddə ilə bağlı yox, “Niyə Qarabağdakı inkişafdan deyil, korrupsiyadan yazırsınız?” – deyə soruşub.
Bəs biz nədən yazırdıq?
Hökumət televiziyaları “Xan kəndinə qayıdır” mahnısının sədaları ilə xalqı bihuş edərkən biz göstərirdik ki, bəli, “Xan” hər kəsdən qabaq Qarabağa qayıdıb, torpaq islahatı aparmadan əkinə yararlı torpaqları ailəsi və məmur şirkətləri arasında bölüşdürüb.
Məcburi köçkünlər Qarabağa qayıdarkən artıq məmurlar böyük torpaq sahələrinin sahiblərinə çevrilmişdilər. Qarabağ veteranları isə azad etdikləri torpaqlarda pullarını ya vaxtında ala bilməyən, ya da heç almayan fəhlələrə dönmüşdülər.
“Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” – deyən prezidentin təökcə Şuşanı yox, bütün Qarabağı məmurlar şəhərinə çevirdiyini üzə çıxardıq.
Biz başqa hansı həqiqətləri üzə çıxarmışdıq?
Məhkəmə araşdırmalarımızla üzə çıxarmışdıq ki, “Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır” – deyən prezidentin yaxın məmur çevrəsi bu mübarizədən “hava yastıqları” ilə qorunur. Məhkəmədə nazirlərin adları çəkilsə də, hakimlər onları korrupsiya ittihamları ilə bağlı dindirməkdən imtina edirlər.
Əlbəttə ki, İlham Əliyevin sözləri ilə əməlləri arasındakı bu təzadı üzə çıxarmış “Abzas Media”nın əməkdaşları onun qəzəbinin hədəfinə çevrildi. 21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən ölkəyə pul keçirməkdə ittiham edir. Amma ittiham olunan şəxslərin heç biri, heç vaxt nə gömrükdə saxlanılıb, nə də üzərlərindən bəyan olunmamış pul tapılıb.
İstintaqın “sənəd” saydığı materialların heç biri orijinal deyil. Bu “sənəd”lərdəki imzaların ora necə yerləşdirilməsini aydınlaşdırmaq üçün istintaq orqanına verilən vəsatətlərimiz təmin olunmadı.
Bizim guya “mütəşəkkil cinayətkar dəstə” olmağımızı istintaq onunla əsaslandırır ki, nə vaxtsa xarici səfərlərimiz kəsişib. Hər kəsin hərəkət azadlığı var və istənilən şəxs, istənilən ölkəyə səfər edə bilər. Xarici ölkəyə səfər etmək cinayət deyil.
İstintaq orqanı 2015-ci ildən bəri edilən səfərləri araşdırıb ki, o tarixdə ümumiyyətlə “Abzas Media” mövcud deyildi.
Bu iş üzrə həbs edilən iqtisadçı dostumuz Fərid Mehralızadə ümumiyyətlə “Abzas Media”nın əməkdaşı olmayıb. Onun niyə həbs olunduğunu müstəntiqdən soruşanda zarafatla mənimlə eyni şəhərdə, Füzulidə doğulduğunu dedi. Yerli olmağımızdan başqa istintaqla heç bir əlaqəmiz sübuta yetirilməyib.
Digər 6 jurnalistə Bakı Şəhər Baş Polis İdarəsinin Məhəmməd Kekalovdan fiziki və psixoloji təzyiq əsasında aldığı ifadələrlə ittiham elan olunub. O, polis idarəsində 48 saatdan çox saxlanılıb, vəkillə təmin olunmayıb və ailəsinin ona tutduğu vəkildən də imtina etməyə məcbur edilib. Dövlət hesabına tutulan vəkil isə 1 il müddətində onun həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı məhkəməyə bircə şikayət də ünvanlamayıb. Görünür, dövlət vəkili Kekalovun həbsdə qalmasından məmnun olub.
Biz Azərbaycanda korrupsionerlərin ifşasının nə vaxtsa həbslə bitəcəyini gözləyirdik. Buna görə də Məhəmmədlə söhbətimizdə əgər nə vaxtsa işgəncə ilə hədələnib Ülviyə, mənə qarşı ifadə verməyini istəsələr, buna razılaşmasını istəmişdik. Məhəmmədin bizə qarşı ifadə verməsi bu hədələrlə qarşılaşdığının göstəricisidir.
Çox təəssüf edirəm ki, Azərbaycan hökuməti sübut tapa bilmədiyi işlərdə insanlara hədə-qorxu gəlməklə dostlarının əleyhinə ifadə alıb həbsə göndərmək yolunu seçir.
Həbsimiz İlham Əliyevin və ətrafının korrupsiya cinayətlərini üzə çıxardığımıza görə, bizi bu yolla işimizdən uzaqlaşdırmaq məqsədi daşıyır. Çünki biz hökumətin istədiyi kimi icazəli jurnalistika ilə məşğul olmaq istəmədik.
İstintaq orqanı “Abzas Media”nı “azad və peşəkar media olması görüntüsü formalaşdıran qurum” kimi təqdim edir. Biz görüntü yox, azad və peşəkar medianın özüyük.
İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsində dindirilən araşdırmaçı jurnalist Hafiz Babalını diqqətini pıncərədəki çirk çəkmişdi və daha sonra idarənin pəncərələrinin yuyulması üçün ayrılan vəsaitin necə mənimsənildiyini üzə çıxarmışdı.
Bizi “çirkli pullar”da ittiham edən idarə öz pəncərələrinin çirkinin vaxtlı-vaxtında yuyulmasına diqqət etsə, yaxşı olar.
İlham Əliyev indi də çıxışlarında həbs etdirdiyi media işçilərini, fəalları “satqın”, “xəyanətkar”, “beyni yuyulmuş gənclər” deyə damğalayır. Biz nə “xəyanətkar”, nə “satqın”, nə də “beyni yuyulmuş gənclər”ik. Biz onun yalanlarını üzə çıxarmış jurnalistlərik. Çünki işimiz vətəndaşları siyasətçilərin manipulyasiyalarından duyuq salmaq, onları gözlənilən təhlükəylə bağlı xəbərdar etməkdir.
Fikir verirsinizsə, istintaq dövründə verdiyimiz bütün vəsatətlərin sonunda “tam rədd edilsin” yazıb imza atan bir şəxs var. Bu, Bakı Şəhər Baş Polis İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Toğrul Hüseynovdur.
27 cildlik istintaq materialları ilə tanış olarkən o, Daron Acemoğlu ilə Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” adlı kitabını oxuyurdu. Uzun illər aparılan tədqiqatın nəticəsi olan bu kitabda o qənaətə gəlinir ki, ekstraktiv, yəni istismarçı, hakim elitanın mənfəətinə xidmət edən, cəmiyyətin qalan hissəsini yoxsulluğa sürükləyənsiyasət sonunda millətlərin və dövlətlərin tənəzzülünə gətirib çıxarır. Baş müstəntiq istismarçı siyasəti ifşa edən jurnalistləri öz imzası ilə həbsə göndərməyə razılaşmışdı.
Çünki ancaq bu yolla vəzifədə irəliləmək mümkündür. Mükafatını da aldı, baş müstəntiqlikdən istintaqın rəisi vəzifəsinə qədər yüksəldi.
Siz də məhkəmə başlayanda bir vəsatət istisna olmaqla bütün vəsatətlərimizi rədd etməklə bu tənəzzülə imza atmağa razılaşmısınız. Ümid edirəm mükafatsız qalmazsınız.
Bu iş nə qaçaqmalçılıq məsələsidir, nə qanunsuz sahibkarlıq, nə vergidən yayınma, nə də saxta sənəd düzəltmə. Bu, həqiqətə dözümsüzlük məsələsidir. (AbzasMedia)