• 18 Mart 2025 00:58

“Formula-1″də 400 minə yaxın yeyintiyə görə şərti cəza verildi: mərhum nazirin oğlunun da adı hallanır

 

Bakıda keçirilən “Formula-1” yarışlarının təşkilində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 400 min manata yaxın yeyintidə təqsirləndirilən keçmiş şöbə müdiri Çingiz Mehdiyevə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib. Onun haqqında cinayət işi başlanandan sonra əmlaklarının üzərinə qoyulmuş həbs də götürülüb. Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarılıb.

 

Hökmdə göstərilib ki, Ç.Mehdiyevin “Formula-1” yarışlarının təşkili zamanı 398 min manatı mənimsəməsi 1 ilə yaxın sürən məhkəmədə sübuta yetirilib. Bu üzdən, o, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələriylə təqsirli bilinir. Ancaq bir bölümü istintaq, bir bölümü də məhkəmə dövründə olmaqla, 398 min manatı dövlət büdcəsinə tam ödədiyindən məhkəmə onu həbsə göndərməmək qərarı verib. Bu zaman Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

 

13 mart

“Formula-1″də 398 minlik yeyinti ödənildi: 10 il həbs tələbi dəyişdi

“Formula-1” yarışlarının təşkilində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 398 min manatlıq yeyintidə təqsirləndirilən keçmiş şöbə müdiri Çingiz Mehdiyevə prokurorun 10 il həbs istəyində kəskin dəyişiklik olub. Prokuror 10 gün öncə məhkəmədə bu təkliflə çıxış etsə də, martın 13-də, tam tərsinə, Ç.Mehdiyevin həbs edilməməsini, ona şərti cəza verilməsini istəyib.

 

Ç.Mehdiyev həbsdə olmasa da, bir ilə yaxındır ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Martın 13-də məhkəmə iclasında onun vəkili yeyinti nəticəsində dövlətə vurulmuş ziyandan 298 min manatın ödənildiyi barədə sənəd təqdim edib. Daha 100 min manat da istintaq dövründə ödənildiyindən, beləcə, cinayət işində göstərilən 398 min manatlıq ziyan tam ödənilmiş sayıldı.

Ç.Mehdiyevə 10 gün öncə 10 il həbs cəzası verilməsi təklifiylə çıxış edən prokuror Orxan Səmədov ziyan ödənildiyinə görə məsləhətləşməkdən ötrü məhkəmədən vaxt istəyib. Bir müddət sonra onun sağlamlığında problemlər yarandığı əsas gətirildiyindən prosesə yeni prokuror qoşulub. O da Ç.Mehdiyevə 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza verilməsini istəyib.

 

Ardından Ç.Mehdiyevin vəkili Faiq Nəcəfovziyanın tam ödənildiyinə dayanaraq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsiylə olan ittihama xitam verilməsini istəyib. Müdafiəçi cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamını birmənalı şəkildə heç qəbul etmədiklərini vurğulayıb.

 

Xatırlatma

Ç.Mehdiyev “Formula-1” yarışlarının təşkilinə ayrılmış büdcə vəsaitlərinin bir hissəsini 2016-2018-ci illərdə Seyşel adalarında anasının adına qeydiyyatdan keçmiş “Dayton Investment LTD” şirkətində ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürməklə mənimsəməkdə suçlanır. İddia edilir ki, həmin pullara Amerikada daşınmaz əmlaklar alaraq qardaşının adına keçirib.

Ç.Mehdiyev və vəkilləri məhkəmənin gedişində mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimzadənin çağrılıb dindirilməsi barədə vəsatət qaldırsalar da, təmin edilməyib.

 

A.Rəhimzadə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru olub. O, istintaq vaxtı şahid kimi dindirilib. Ancaq iş məhkəməyə göndəriləndə ittiham tərəfi məhkəmədə dindirilməsini istədiyi şahidlərin siyahısına onun adını salmayıb.

Ç.Mehdiyev özünü təqsirli bilmir. Məhkəməyə ifadəsində deyib ki, “Formula-1” yarışlarının keçirilməsindən ötrü gərəkən avadanlıqla təmin edə biləcək şirkətlər yox idi. Bu üzdən, xaricdəki tərəfdaşlarla danışıqlar apararaq problemi çözməyə çalışıb. Onun iddiasına görə, atdığı hər bir addımdan, o sıradan pulların öz yaxınlarının adına olan şirkətlərin hesabına köçürülməsi yoluyla ödənilməsindən nazir oğlu A.Rəhimzadənin xəbəri varmış və özbaşına heç bir iş görməyibmiş.

A.Rəhimov 2022-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Onun yerinə Milli Gimnastika Arenasının icraçı direktoru Maqsud Fərzullayev təyin olunub. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər