DTX əməliyyat keçirdi – Orduya aid videomateriallar yaymış şəxs kimdir?
Martın 17-də sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.
Tacxeber.com xəbər verir ki, faktla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib.
Müəyyənləşdirilib ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparmış və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşmışdır. Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub.
Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunmuş, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.