İmamoğlu nədə ittiham olunur? – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, İstanbul bələdiyyə sədri və Türkiyə müxalifətinin lideri Əkrəm İmamoğlu saxlanılıb. Onun saxlanılma təfərrüatı məlum olub.
Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Mənbə qeyd edir ki, İstanbul Baş Prokurorluğunun apardığı genişmiqyaslı araşdırmanın əsasını İstanbul Bələdiyyəsinə məxsus media şirkəti Medya A.Ş.-nin tender proseslərində yol verdiyi qanunsuzluqlar təşkil edir.
İddalara görə, bu tenderlər zamanı cəmiyyətə zərər dəyib. Həmçinin 2024-cü ilin seçkilərində “Şəhər Konsensusu”nun Xalq Bərabərliyi və Demokratiya Partiyası vasitəsilə PKK ilə əlaqəsi üzə çıxıb.
Onun həbsi ilə bağlı qərar İmamoğluna martın 18-də təhsil diplomunun ləğvi ilə başlayan hüquqi və siyasi təzyiq prosesindən sonra verilib.
İmamoğluna qarşı irəli sürülən ittihamlara aşağıdakılar daxildir:
Tender saxtakarlığı və cəmiyyətə dəyən ziyan: Medya A.Ş.-nin təşkil etdiyi tenderlərdə bəzi şirkətlərə şişirdilmiş qiymətlərlə haqsız olaraq güzəştlər edilib və nəticədə dövlət resurslarından qanunsuz istifadə edilib. Bu cinayətə görə 3 ildən 7 ilə qədər həbs cəzası verilir.
Terror təşkilatı (PKK) ilə əlaqə: Prokurorluq “Şəhər Konsensusu” çərçivəsində PKK-ya maliyyə dəstəyi vermək üçün İstanbul Böyükşəhər Bələdiyyəsinin bəzi layihələrindən istifadə edildiyi iddiasını araşdırır. Bu ittihama ( Türkiyə Cəza Məcəlləsinin 314-cü maddəsi – silahlı terror təşkilatına üzv olmaq) görə 5 ildən 10 ilə qədər həbs cəzası və siyasi qadağa verilir.
Cinayət təşkilatının yaradılması: İddiaya görə, İmamoğlu bu fəaliyyəti cinayət təşkilatının tərkibində təşkil edib. Lakin bu ittihamın təfərrüatı hələ dəqiqləşdirilməyib.