• 22 Mart 2025 16:18

Toplum tv məhkəməsi və Cəmil Həsənli harada işləyir?

“Toplum tv-nin işi üzrə istintaq yekunlaşıb və ümumilikdə 10 nəfərə cinayət işi məhkəməyə göndərilib. Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV” işi üzrə məhkəmə başlayır.

 

“Toplum TV”nin təsisçisi, tanınmış media hüququ eksperti Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli, Şahnaz Bəylərqızı, Fərid İsmayılov, Əli Zeynalov, Müşfiq Cabbarov, Ramil Babayev və İlkin Əmrahovun işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 2-də saat 12.00-da keçiriləcək.

 

Gərək bu hazırlıq iclasın aprelin 1-nə – ümumdünya yalan gününə salardılar. Çünkü tanınmış hüquqşünas, ölkənin ən intellectual media müdafiəçisi və vətənpərvər ziyalısı olan Ələsgər Məmmədlinin bir neçə gün əvvəl Azərbaycan xalqına ünvanladığı müraciətdən bir daha aydın oldu ki, ona və həmkarlarına qarşı irəli sürülən ittihamlar hamısı yalan və böhtandan ibarətdir.

Bir ildən artıqdır ki, Toplum tv. işi ilə bağlı 10 nəfər jurnalist, hüquq müdafiəçisi qaçaqmalçılıq və buna bənzər ittihamlarla həbsdə saxlanılır. Yeri gəlmişkən 2013-2014-cü illərdə mətbuat, vətəndaş cəmiyyəti daha çox vergi ittihamları ilə repressiya edilirdi. İndi “qaçaqmalçılıq” gündəmdədir.

 

Bir neçə gün əvvəl bu iş üzrə Xətai məhkəməsində Ələsgər Məmmədli bəyin “ev dustaqlığı”na buraxılmasına baxılırdı. Ələsgər bəy haqlı olaraq deyirdi ki, “bundan öncəki bütün məhkəmə iclaslarında istintaq tərəfi iddia edirdi ki, əgər mən azadlıqda olsam istintaqın gedişinə əngəl törədə yaxud sübutları yox edə bilərəm. Artıq istintaq başa çatıb və işlə tanışlıq mərhələsi də yekunlaşıb.”

Amma məhkəmə iddianı təmin etmədi. O səbəbə ki, məsələ hüquqi deyil, siyasidir. Bu ilin yanvarında ittihamın ağırlaşdırılması da, məhz siyasi “zərurətdən” irəli gəlirdi.

 

Ələsgər bəy bu ölkədə tanıdığım ən ləyaqətli, ən təmiz, ən dürüst, ən intellektual, özünə və peşəsinə hörmətlə yanaşan bir ziyalıdır. Onun dürstlüyü başqalarına nümunə göstəriləcək bir həddə olduğu halda, belə bir ziyalını qaçaqmalçılıqda, vergidən yayınmada, qanunsuz işçi işlətməkdə ittiham edirlər. Bu ölkədə qanun deyilən bir şey varsa, o elə Ələsgər bəyin varlığıdır, həyat yoludur, dərsliklərə örnək kimi düşə biləcək dürüstlüyüdür.

Ələsgər bəy istintaqın yekunları ilə bağlı ictimaiyyətə müraciətində ona qarşı irəli sürülən ittihamların daşını daş üstündə qoymadı və dedi ki, Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi maddəsi ilə mənə qarşı irəli sürülən ittiham absurddur. Halbuki mənim nəinki kimisə işə cəlb etməklə bağlı hərəkətim, bu mövzuda heç kəslə söhbətim belə olmayıb. Deməli ittiham havadan götürülüb.

 

Küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq ittihamına gəldikdə Ələsgər bəy yazır ki, bu ittihamı sübut edəcək heç bir dəlil-sübut yoxdur. 40 illik iş stajımın 18 ilini fərdi sahibkar kimi rəsmi qeydiyyatdayam. 2007-ci ildən qanunun bütün müddəalarına istisnasız olaraq əməl edən fərdi sahibkaram.

Ələsgər ona qarşı irəli sürülmüş vergiləri yayınma ittihamına da öz müraciətində aydınlıq gətirir və deyir: “Azərbaycanda ən nümunəvi vergi ödəyicisi nominasiyası üzrə çempionat keçirilsəydi şübhəsiz ki, ilk yer mənim olardı. Absurdun miqyasına baxın ki, ən nümunəvi vergi ödəyicisini vergidən yayınmaq ittihamı ilə şərləyirlər.”

 

Ələsgər bəyin qaçaqmalçılıqda suçlanması daha gülməlidir. O, bu ittihamı tamamilə böhtan və yalan hesab edir və yazır: “Qaçaqmalçılıq yolu ilə ölkəyə pul gətirməyimi sübut edəcək heç bir dəlil yoxdur və ola bilməz. Bu böhtanı inandırıcı etmək və saxta sübut yaratmaq üçün 8 mart 2024-cü ildə yaşadığım mənzildə əməliyyatçılar “axtarış” apardı. Özləri ilə gətirdikləri 7300 avronun mənə məxsus olduğu görüntüsünü yaradaraq, vəkilimin, qonşuların, şahidlərin içəri girmələrinə icazə vermədən saxta əməliyyat şousu yaradaraq saxta protokol yazdılar. Mən həmin protokollara da bunun saxta iddia olduğunu, həmin vəsaitin mənə məxsus olmadığını, əməliyyatçıların özləri ilə gətirdiyini yazmışam.”

 

Ələsgər bəy qeyd edir ki, “mənim müxtəlif vaxtlarda xarici ölkələrdə səfərlərdə olmağımın “qaçaqmalçılıqla” əlaqələndirilməsi də növbəti rüsvayçı yanaşmadır. Odur ki, bu səfərləri “cinayət kimi” təqdim etmək və “qaçaqmalçılıq üçün səfərlər” kimi ittiham etmək gülüncdür, böhtandır və hətta təhqirdir.” Görünən odur ki, Ələsgər Məmmədli kimi təmiz adamı çox natəmiz üsullarla tutmaq istəyirlər. Ələsgər bəyin öz müraciətində gətirdiyi dəlillər eyni zamanda bu iş üzrə saxta ittihamla tutulmuş Akif Qurbanova da, Ruslan İzzətli və bütün Toplumçulara da aiddir.

 

P.S. Köhnə bir tanışım “Torqovıda” rast gəlib. Hal-əhvaldan sonra soruşur: Cəmil müəllim işləyirsən? Deyirəm bəli işləyirəm. Deyir harada? Deyirəm məhkəmədə. Heyrətlə soruşur məhkəmədə nə işləyirsən. Deyirəm vallah işimin adını bilmirəm. Amma demək olar ki, hər gün siyasi məhbusların məhkəməsinə gedirəm. Aprelin 2-də də Toplumçuların məhkəməsi başlayır”.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər