• 01 Aprel 2025 03:23

“Fernandu Santuş bu yolda sona qədər davam etməlidir” – Vaqif Sadıqov

“İlk gündən Fernandu Santuşa etimad göstərilib və bu yolda sona qədər davam etməlidir”.

 

Tacxeber.com xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin Haiti və Belarusa qarşı keçirdiyi yoldaşlıq matçlarındakı nəticələrini dəyərləndirərkən deyib:

 

Mütəxəssis heyətə fayda verə biləcək futbolçuların dəvət olunmasının vacibliyini vurğulayıb:

 

“Millidən gözləntilərimiz həmişə qələbə olub. İnanmışıq ki, azarkeşlərimizi sevindirəcək. Hər iki görüşdə məğlub olmağımızın dəqiq səbəbini baş məşqçi deyə bilər. Kənardan görünən odur ki, Fernandu Santuş axtarışdadır, eksperimentləri davam etdirir. Bunun nəticəsidir ki, oyunlarda hələlik balanslı komanda görə bilmirik. Dünənki görüşdə xeyli dəyişiklik gördük. Zamana ehtiyac var. Hesab edirəm ki, yığmaya fayda verə biləcək və hazır futbolçular dəvət edilməlidirlər. Ancaq inamımızı itirməməliyik, əks halda heç nə əldə edə bilmərik”.

 

AFFA rəsmisi yığmanın hazırda eniş zolağında olduğunu bildirib:

 

“Rəqibləri deyil, öz oyunumuzu düşünməliyik və komandanı formalaşdırmalıyıq. Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimiz çox güclüdürlər. Yığma hazırda eniş zolağındadır. UEFA Millətlər Liqasında aşağı liqaya düşdük. Dünya çempionatının seçmə mərhələsində isə dörd komandalı qrupdayıq. Bizi çox ağır sınaq gözləyir”.

 

Yığmanın sabiq baş məşqçisi hazırda legioner həyatı yaşayan milli üzvlərinin çıxışlarına da toxunub:

 

“Futbolda oyunu bir futbolçu həll etmir. Komanda şəklində oynamaq lazımdır. Fikrimcə, ən böyük problemimiz də budur. Santuş ilk növbədə komanda ruhunu yüksəltməli, kollektivi güclü rəqiblə mübarizə aparacaq səviyyədə formalaşdırmalıdır. Oyun modeli qurulmalı və bunu təkmilləşdirməklə yola davam etməliyik”.

 

V.Sadıqov Fernandu Santuşun baş məşqçi vəzifəsindən göndərilməsinin çıxış yolu olub-olmaması ilə bağlı sualı da cavablandırıb:

 

“Bu, çıxış yolu deyil, ola bilməz. Yeni komandanın formalaşdırıldığı bir məqamda Santuş ayrılmamalıdır. Hazırda onu yola salmaq, və bu yükün altına hər hansı yerli mütəxəssisin girməsi düzgün olmazdı. İlk gündən ona etimad göstərilib və bu yolda sona qədər davam etməlidir”.

 

Qeyd edək ki, Azərbaycan millisi öz meydanında keçirdiyi son iki yoldaşlıq görüşündə – martın 22-də Haitiyə (0:3), ötən gün isə Belarus yığmasına (0:2) məğlub olub.

Tacxeber.com

Oxşar xəbərlər