Aprel ayının əvvəlində ABŞ-ın Çinə qarşı yeni sanksiyaları işə düşəcək.

Kreml Vaşinqtonla dialoqu genişləndirməyə və Ağ Ev administrasiyası ilə siyasi və iqtisadi sahədə razılaşmalar əldə etməyə çalışsa da, strateji tərəfdaşı Pekini də unutmur. Məsələ burasındadır ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyini gizlətmir. Bu Kremlin siyasətinə ziddir. Bu səbəbdən Kreml Vaşinqtonla apardığı danışıqlar barədə mütəmadi olaraq Pekini xəbərdar edir ki, Çin rəhbərliyində Rusiyanın siyasəti ilə bağlı heç bir şübhə yaranmasın.
Çin xarici işlər naziri Van Yi aprelin 1-də Moskvaya səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Yayılan xəbərlərdə nazirlərin görüşündə Ukrayna münaqişəsinin həlli yollarının müzakirəsi göstərilib. Bunun özü də Moskva ilə Vaşinqton arasındakı dialoqa aiddir. Çünki, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla məşğul olan əsas vasitəçi dövlət Amerika Birləşmiş Ştatlarıdır. Kreml Pekini Vaşinqtonla aparılan danışıqlardakı detallar barədə məlumatlandırmaq istəyir. Fevral ayının sonunda Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpinlə telefon söhbətində Ukrayna mövzusunu geniş müzakirə etmişdi. Bu söhbətdən sonra Cinpin Moskvanı Pekinin yaxın dostu adlandırmışdı. “Biz bir-birimizin inkişafına dəstək veririk” deyən Si Cinpin Moskva ilə Vaşinqton arasındakı dialoqa dəstəklədiyini bildirmişdi.
Buna baxmayaraq, Pekin rusların ata sözlərində olduğu kimi, Moskva ilə münasibətlərdə “inan, ancaq yoxla” prinsipindən çıxış edir. Tramp Rusiyanı oyundankənar vəziyyətə salıb Çinlə mübarizəni davam etdirmək istəyir. Pekin Trampın bu planından narahatdır. Aprel ayının əvvəlində ABŞ-ın Çinə qarşı yeni sanksiyaları işə düşəcək. Ağ Ev administrasiyası Rusiyaya qarşı isə əksinə sanksiyaları yumşaltmağa çalışır. Rusiya və ABŞ diplomatlarının Səudiyyə Ərəbistanında apardıqları danışıqların mərkəzində məhz sanksiyaların tədricən yumşaldılması dayanır.