• 19 Aprel 2025 05:34

Heç bir cəmiyyət susaraq azad olmur

“Sosial şəbəkələrdə haqsızlıqdan danışmaq, fikrini açıq ifadə etmək – bir çox insan üçün riskli və təhlükəlidir. “İşimdən olaram”, “başımı ağrıdaram”, “niyə problem yaratmalıyam” düşüncəsi ilə insanlar susur. Bəlkə də buna görə illərlə dəyişiklik olmadan eyni şeyləri yaşamağa davam edirik.

 

Amma vətəndaş olaraq haqqımızı tələb etmək, yaxşı olanı dəstəkləmək, pis olanı sorğulamaq – cəmiyyətin sağlamlığının əsas göstəricisidir. Qorxmadan danışmaq, birlikdə düşünmək və dəyişmək – sağlam bir cəmiyyətin quruluşudur.

Qorxmaq cəmiyyətin təbiəti deyil. Sadəcə uzun illər bu qorxunu özümüzə aşıladılar. Öz fikirini deməkdən çəkinməyən bir cəmiyyət formalaşdırmaq çətin bir zamana daldı.

 

Səssiz qalmaq – zamanla sükuta məhkum olmaqdır. Azərbaycan cəmiyyətində insanların çoxu haqsızlığa göz yumur, amma danışmır, işindən, ailəsindən, rahatlığından qorxur. Və bu qorxu cəmiyyətin damarlarında dolaşan səssiz bir zəhərə çevrilir.

Amma heç bir cəmiyyət susaraq azad olmur, heç bir cəmiyyət qorxaraq inkişaf etmir. Dəyişiklik susqunluqdan doğmaz. Tənqid etmək düşmənlik deyil – sevgidən doğan məsuliyyətdir.

 

Ətrafa baxdıqca, danışmağın çətin olduğunu görürük, amma susmaq daha təhlükəlidir.

Çünki sükut nəinki hərəkətsizlik yaradır, həm də haqsızlığa, zülmə göz yummaq deməkdir. Cəmiyyətin dəyişməsi üçün hər kəsin fikrini ifadə etməsi, üzərinə düşən məsuliyyəti hiss etməsi lazımdır. Bir insan susduqda, bu yalnız onun deyil, bütöv bir cəmiyyətin səsini kəsir. Susmaq isə heç vaxt həll yolu deyil”.

 

Vəkil Fariz Namazlı

Tacxeber.com

Oxşar xəbərlər