İngilis səfir Bakıda rus səfirə dərs keçdi
İngilis səfir Bakıda rus səfirə dərs keçdi
Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunub. Səfir Ferqus Ould artıq Bakıdadır və səlahiyyətlərinin icrasına başlayıb.
Avqustun 31-də Bakıya gələn səfir elə hava limanındaca Azərbaycana ilk jestini azərbaycanca etdi: “Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm”.
Daha sonra yeni səfir Şəhidlər Xiyabanını ziyarət etdi, Qız Qalası, Şirvanşahlar Sarayı, eləcə də dahi şair Nizaminin abidəsi önündən fotolar paylaşdı.
Şəhidlər Xiyabanı kimi dəyər məkanımızdan, tarixi abidələrimizin önündən özünü də tanıtdı – azərbaycanca təqdimatını etdi.
Britaniya diplomatının ölkəyə gələr-gəlməz Azərbaycan dilində danışmağa çalışması, Şəhidlər Xiyabanını ziyarət etməsi, Azərbaycanın tarixi abidələrini gəzməsi rəğbət doğuran haldır və Ould artıq ilk gündən könüllərə girir. Ümumiyyətlə, bu hal Britaniya səfirləri üçün ilk deyil. Bundan öncəki səfir Ceyms Şarp da səfir təyin olunduğu gündən Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti ilə maraqlanmağa başladı. Şarpın Tvitter səhifəsi Azərbaycanla bağlı Azərbaycan dilində yazılmış tvitlərlə doludur. Diplomatın Azərbaycanın gəzmədiyi bölgəsi qalmadı. Üstəlik, bütün gəzintilərinin görüntülərini Tvitterdə Azərbaycan dilində atdığı tvitlərlə bölüşürdü. Səfir hətta vida müraciətində öz xələfinə Azərbaycana fərqli baxmağı tövsiyə etmişdi.
Britaniya bizim qonşumuz deyil, sadəcə olaraq Azərbaycanın strateji tərəfdaşı olan bir ölkədir. Dil, mədəniyyət, tarixi bağlılığımız yoxdur. Di gəl ki, bu ölkənin səfirləri Azərbaycana ayaq basan kimi Azərbaycan dilində danışır, tariximiz, mədəniyyətimizlə maraqlanırlar. Təbii ki, səfirlər bütün rəsmi söhbətlərini, görüşlərini ingilis dilində və yaxud hər hansı beynəlxalq dildə aparacaq. Amma getdiyi ölkəyə, ən azı 3 il yaşayacağı dövlətə jesti, bu illər ərzində təmasda olacağı xalqı öyrənməyə çalışması və onlarla ana dillərində danışmaq istəyi alqışlanasıdır.
Britaniyalı səfirlərin göstərdiyi jestlərin bir misqalını qonşularımızdan görmüşükmü? İndiyə qədər qonşularımız İran, Rusiya, heç strateji dostumuz Gürcüstan səfirlərindən adi jest – mətbuat konfransına başlayanda “Salam, dostlar” sözünü eşitməmişik.
İran 90-cı illərdən bəri Azərbaycana xeyli səfir təyin edib. Həmin səfirlərin 90 faizinin milliyyətcə azərbaycanlı olmaqlarına baxmayaraq, ölkəmizə “azərbaycanca” qədəm qoymayıblar, britaniyalı səfirlərin etdikərinin 10 faizini belə etməyiblər. Azərbaycanın bölgələri, tarixi abidələri, mətbəxi barədə bir çıxışları belə yoxdur.
Bircə dəfə də olsun Rusiya səfirindən “Salam, Azərbaycan” kəliməsini eşitməmişik. Halbuki bu ölkə ilə ən azı 200 ildir bağlılığımız var.
Azərbaycanla Rusiyanın əlaqələri olduqca böyükdür. Bir neçə milyon vətəndaşımız Rusiyada işləyir, fəaliyyət göstərir. Heç vaxt görməmişik ki, Rusiyanın Azərbaycana təyin olunmuş yeni səfiri kiçik bir jestlə Azərbaycana “mən sizin dostunuzam” mesajını versin. Amma əvəzində, ağızlarını açan kimi Azərbaycandakı rus məktəblərindən, rus dilinin yüksək səviyyədə qorunmasından rusca danışıblar. Ağıllarına belə gəlməyib və ya özlərinə sığışdırmayıblar ki, ruscanı ayaqda saxlayan bir ölkəyə azərbaycanca bir “sağ ol” desinlər.
Məsələ yalnız “imperiya” təfəkkürü deyil, həm də mədəniyyət, diplomatik etiket göstəricisidir.
Və nə qədər bu cür “mədəniyyət” sərgiləyəcəklər, azərbaycanlılardan da adekvat cavab görəcəklər.
Necə ki, görürlər!