• 22 Noyabr 2024 22:47

Anar Kərimov Əbülfəs Qarayevin taleyini YAŞAYIR…

Anar Kərimov Əbülfəs Qarayevin taleyini YAŞAYIR...

Tacxeber.com Unikal.az-a istinadən bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində  keçirdiyi xüsusi əməliyyat  nəticəsində mədəniyyət naziri Anar Kərimovun birinci müavini Elnur Əliyev saxlanılıb. 

Elnur Əliyev 2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri, 2021-ci ilin sentyabr ayında isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, bu vəzifədə cəmi 1 il 2 ay işləyib. Əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslər arasında Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovun da olduğu bildirilir.

Anar Kərimovun həbs edilən kadrlarının siyahısı bunlarla bitmir. Belə ki, 2022-ci ilin iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsində əməliyyat keçirmişdi.

Əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov barələrində olan korrupsiya əməllərinə görə həbs ediliblər.

Azər Rəcəbov Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə həbs olunmazdan cəmi 6 ay öncə təyinat almışdı. Onu da bu vəzifəyə mədəniyyət naziri Anar Kərimov təyin etmişdi.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci ildə də Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.

Həmin əməliyyat nəticəsində nazirin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunmuşdu.

Həmin vaxt mədəniyyət naziri olan Əbülfəs Qarayev 21 may 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarıldı.

Məhkəmənin hökmü ilə Rafiq Bayramov 8 il, Zakir Sultanov isə 11 il müddətinə azadlıqdan məhrum edildi. Daha sonra onların apellyasiya şikayətlərinə baxıldı və hər ikisinin cəzası azaldıldı. Belə ki, Rafiq Bayramov cəzası 4 il 6 aya, Zakir Sultanovun cəzası isə 5 il 6 aya endirildi.

Onu da qeyd edək ki, Anar Kərimov 5 yanvar 2021-ci il tarixində mədəniyyət naziri təyin olunub.

Tacxeber.com

Oxşar xəbərlər