Bir neçə gün əvvəl Türkiyədə qətlə yetirilən kriminal avtoritetin öldürülməsinin bəzi təfərrüatları məlum olub.
Lent.az etibarlı mənbəyə istinadən bildirir ki, Qasımov Elnur (“Qardaşoğlu” ləqəbi ilə tanınır) mərhum qanuni oğru “Lotu Quli”nin (Nadir Səlifov) bacısı oğlunun sifarişi ilə öldürülüb. Mərhum avtoritetin bacısı oğlu isə kriminal aləmdə “Maqa Rustavski” kimi bilinən Məhəmməd Qurbanovdur.
Bəs qətlin səbəbi nədir? Məlumata görə, Elnur Qasımovun qardaşı “Emin Naxçıvanski” ləqəbli Emin Qasımov bir neçə il əvvəl “Maqa”nı bıçaqlayıb. Belə ki, “Maqa” restoranda dostları ilə birgə əylənərkən, ora “Lotu Quli”nin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” Quram Çixladze gəlir. Çixadzenin yanında öz adamları da olur. Mənbə qeyd edir ki, tərəflər arasında mübahisə düşür. Nəticədə Quram Çixladzenin yanında gələn “Emin Naxçıvanski” “Maqa”nı ayağından bıçaqlayıb.
Quram Çixladze
Hadisədən bir neçə gün sonra Quram Çixladze, “Emin Naxçıvanki”, Vahid Məmmədov ləqəbli “Vaxa Bakinski”, Fuad Hacıyev ləqəbli “Fuad Sumqayıtski” və kriminal aləmin üzvü olan bir neçə azərbaycanlı həbs edilir. Bu xüsusi əməliyyatı Türkiyə polisi həyata keçirir. Lakin onlar bir neçə ay sonra azadlığa çıxırlar.
Əldə etdiyimiz məlumata görə, Eminin həbs olunmasına baxmayaraq, “Maqa” və tərəfdarları ondan qisas alacaqlarına and içirlər. Və Emin qardaşı “Qardaşoğlu”nun hədəf alınması eyni vaxta təsadüf edir. Bildirilir ki, “Qardaşoğlu” illərdir ki, “Lotu Quli” və onun tərəfdarları ilə münaqişədə olub. Bunun səbəbini isə belə izah edirlər – “Qardaşoğlu” Rövşən Lənkəranskinin Bakıdakı ən yaxın adamlarından olub. O, eyni zamanda paytaxtda bir müddət “Lotu Quli”nin adamlarını sıxışdırıb. Bununla yanaşı, onu da bildirək ki, Elnur Qasımov dəfələrlə məhkum edilib.
“Qardaşoğlu”nun sabiq deputat Hüseynbala Mirələmovun “1001 gecə” restoranında baş verən atışmada da iştirakı və yaralanması rəsmən təsdiqlənib. Xatırladaq ki, həmin atışmada Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov tapança ilə “Qardaşoğlu”nun yaxın dostu “Yeraz Ramal” kimi tanınan Ramal Bayramovu qətlə yetirib. Bu hadisədə iştirak edən şəxslərin hamısı həbs edilib. Rəşad Mirələmov ömürlük, “Qardaşoğlu” isə bir neçə illik azadlıqdan məhrum edilir.
Məlumatlara görə, “Qardaşoğlu” uzun müddətdir ki, İstanbulda yaşayıb və kriminal aləmlə əlaqələrini kəsməyib. Bildirilir ki, o qardaşı “Emin”in yetişməsində, kriminal əlaqələrinin möhkəmlənməsində çox işlər görüb. Mənbə bildirir ki, məhz buna görə də “Maqa”nın dəstəsi Emindən qisaslarını onu yetişdirən “Qardaşoğlu”dan alırlar.
Məlumata görə, hadisə belə olur – “Qardaşoğlu” evinin yaxınlığında gəzərkən, “Maqa”nın adamların onu qətlə yetirir. Elnur Qasımovun cənazəsi Bakıya gətirilib və dəfn olunması üçün Naxçıvana, doğulduğu Şərur rayonuna aparılaraq dəfn edilib.
İndi isə kriminal aləmdə yenidən müharibənin başlayacağı qeyd olunur. Hazırda Fransada həbsdə olan “Emin Naxçıvanski”nin “Qardaşoğlu”nun qisasını alacağı gözlənilir. Ümumiyyətlə, “Rövşən Lənkəranski” klanında “Qardaşoğlu”nun öldürülməsi böyük itki hesab olunur. Bu səbəbdən yaxın vaxtlarda “Lotu Quli” və “Maqa”nın dəstəsindən kiminsə qətlə yetiriləcəyi gözləniləndir. “Maqa” hazırda “Lotu Quli”nın varisi olan balaca dayısı “Namiq Bakinski”nin klanındadır.
O, da bildirilir ki, “Emin Naxçıvanski” Rövşən klanın davamçıları sayılan “Rufo Gəncinski” və həbsdə olan “Hacı Beyləqanski”nin yaxın adamıdır. Cinayət aləmində ehtimal edilir ki, “Qardaşoğlu”nun qətli böyük bir müharibənin başlayacağına səbəb olacaq.