Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Tacxeber.com olaraq teleqraf.com-a istinadən həmin müsahibəni təqdim edirik:
– Asim bəy, ABŞ-ın Azərbaycanla münasibətlərdə şantaj və təzyiq ritorikası nəyə hesablanıb? Vaşinqton Ermənistan naminə Qafqazda geosiyasi prosesləri dəyişmək niyyətini nümayiş etdirir. Amma bu, heç də İrəvana dəstək kimi izah edilmir…
– Əslində bu, erməni diasporasının istəyi ilə ifadə edilən bir reallıqdır. ABŞ-da zəngin və siyasi cəhətdən fəal erməni diasporası mövcuddur. Eyni zamanda ABŞ-da qarşıdakı ildə seçkilər olacaq. Ona görə ABŞ Dövlət Departamentinin bu kimi yanaşmaları və fikirləri məhz erməni diasporasının istəyi ilə bağlıdır. Çünki erməni diasporası Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəmir. Onlar Ermənistanda yaşayan ermənilərə qurbanlıq kimi baxır. Hansısa bir faciələr fonunda onlar yenə də “soyqırımı” deyə-deyə daha 100 il də çığır-bağır salıb bundan yaxşı qazanc əldə etmək istəyir. Bu məqsədlə indi bütün imkanlarını səfərbər edib lobbiçiləri prosesə qoşmaqla sülhün qarşısını almağa çalışırlar. Bununla Ermənistanı hansısa revanşist addımlara məcbur etmək niyyətindədirlər.
– Bu hal Vaşinqtonun maraqlarına nə kimi zərbə vura bilər?
– Bu kimi addımların atılması birbaşa ABŞ-ın özünə zərbədir. Vaşinqton belə siyasət aparmaqla bütün dostlarını itirir. Əksinə isə erməni diasporası bundan xeyli qazanc əldə edir.
– ABŞ-ın bu addımları Zəngəzur dəhlizində Rusiya və İranı oyundan kənar saxlamaq niyyəti ilə də əlaqələndirilir. Bu nə dərəcədə effektiv gediş hesab olunur?
– Bu regionda baş verəcək hər hansı bir proses bölgə dövlətlərinin iştirakı ilə həyata keçiriləcək. Erməni diasporasının təsiri ilə ortaya çıxan bəyanatların və məsələlərin prosesə təsiri olamaycaq.
– Azərbaycan tərəfi Vaşinqtonda nəzərdə tutulan görüşdən imtina etdi. Ermənistanla sülh müstəvisində effektiv platforma kimi yeni seçim imkanlarını necə dəyərləndirmək olar?
– Tərəf müqabili kimi ABŞ-ın siyasətində çox ciddi nöqsanlar baş verdi. Ona görə də, Azərbaycan haqlı olaraq bu platformadakı danışıqlardan imtina etdi. Belə olan halda Vaşinqtonda sülh danışıqlarının heç bir əhəmiyyəti qalmır. Çünki ABŞ-ın qərarlarının arxasından erməni diasporası çıxır.
– Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandılması ilə bağlı faktlar var. Bu, bölgə üçün hansı təhdidlər yarada bilər?
– İndiki şəraitdə Ermənistanın hansı bir hərbi əməliyyatlara başlamaq imkanları yoxdur. Hindistanın və Fransanın köhnə və yararsız silahları indiki halda şou xarakterli bir gediş idi.
– Zəngəzur dəhlizinə nəzarət uğrunda Rusiya-Ermənistan arasındakı gərginliyin necə yekunlaşacağı proqnozlaşdırılır?
– Rusiyanın Ermənistanı növbəti dəfə öz nəzarətinə necə qaytaracağı məsələsi var. Ermənistan Rusiyanın bölgədə nüfuzunun zəifləməsindən istifadə edərək özlərinə yeni sahib tapacağı məsələsi aktualdır. İndi əsas məsələ bununla bağlıdır. Bölgəyə edilən müdaxilələr də Rusiyanın zəifləyərək nüfuzunu itirməsi fonunda Ermənistanda mövqelərini itirməsi ilə izah olunur. Amma burada Rusiyanın Ermənistana qarşı necə davranacağı daha əsasdır. Yaxın müddətdə bu iki ölkə arasındakı məsələlər ən aktual mövzuya çevriləcək.
– Belə olduğu halda Ermənistanın Rusiyanın himayəsində olan təşkilatlardan KTMT və Avrasiya İtisadi Birliyindən yaxın vaxtlardan imtinası gözlənilirmi? Paşinyan da açıqlama verib ki, bu təşkilatlar Ermənistana lazım olan anda heç bir dəstək verməyib…
– Paşinyan bir çox hallarda bir-birinə zidd açıqlamalar verir. O bəzən qaçmaq istəyir, amma qorxur. Ona görə də, onun qaça biləcəyi, ya da tutulacağı hələ bilinmir.
– Rusiya-Ermənistan gərginliyi Azərbaycanın sülh gündəliyinə necə təsir edəcək? Prosesin bu məcrada getməsi nə ilə nəticələnə bilər?
– Azərbaycan sülh gündəliyinə sadiqdir. Ölkəmiz heç bir təxribatlarda yer almayacaq. Ölkəmizə qısa zamanda sülh lazımdır. Məqsəd bölgənin tez bir zamanda əməkdaşlıq və tərəfdaşlıq zonasına çevrilməsidir. Rusiyanın isə Ermənistanda öz təsir imkanlarını bərpa edib-etməyəcəyi bəlli deyil. Bu Rusiyanın imkanları çərçivəsində həllini tapmalıdır.
– Rəsmi İrəvanın Rusiyanı qıcıqlandıracaq və onu zərbə altında qoyacaq davranışları fonunda Ermənistana hərbi müdaxilə ehtimallarını necə dəyərləndirmək olar?
– Fakt odur ki, bu gün Ermənistanda Rusiyanın böyük hərbi bazası var. Bu ölkənin sərhədləri də Rusiya tərəfindən qorunur. Eyni zamanda Ermənistanın Rusiya ilə yanaşı ən yaxın müttəfiqi İrandır. Ona görə də, hərbi müdaxilə imkanları genişdir. Müharibələrdən bezmiş erməni xalqının buna münasibəti də olduqca önəmlidir. Bu baxımdan Rusiya-Ermənistan gərginliyi hazırda diqqətlə izlənilir.